


Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
Bakı, 5 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ötən ilin avqust ayında Ağdamın Quzanlı qəsəbəsində fəaliyyətə başlayan Sosial Xidmət Mərkəzində həssas kateqoriyadan olan 100-dən çox şəxs sosial xidmətlərdən yararlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzdə əlilliyi olan uşaqlarla yanaşı, zorakılığın müxtəlif növlərinə məruz qalmış, sosial xidmətə ehtiyacı olan, eləcə də repatriasiya edilənlərə sosial reabilitasiya xidmətləri göstərilir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar psixoloji, pedaqoji, loqopedik və aktiv terapiya xidmətlərinə cəlb edilirlər. Həmçinin onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də sosial adaptasiyası məqsədilə bir çox fəaliyyətlər təşkil edilir. Uşaqların valideynləri isə valideyn bacarıqlarının artırılması sahəsində təlimlərdə və qrup terapiyalarında iştirak edirlər.
Agentliyin ölkə üzrə 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir. Həmin mərkəzlərdə göstərilən xidmətlərdən yararlanmaq istəyən şəxslər Sosial Xidmətlər Agentliyinə və Agentliyin müvafiq filiallarına müraciət edə bilərlər.
Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib