


Qərbi Azərbaycanın etnoqrafik mühiti və qızılbaş inancının folklora təsiri
Bakı, 5 iyun, AZƏRTAC
AMEA Folklor İnstitutunun şöbə müdiri İlkin Rüstəmzadə Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” I beynəlxalq elmi konfransda “Qərbi Azərbaycan folkloru: tarixi proseslər fonunda etnoqrafik mühitin dağılması” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Məruzəçi qeyd edib ki, Qərbi azərbaycanlıların ata-baba yurdlarından çıxarılması mətbuatda qeyd olunduğu kimi 1948-1952-ci, 1988-1991-ci illərlə məhdudlaşmır, ermənilərin Qafqaza köçürülməsi ilə paralel başlayıb və 150 ildən artıq davam edib. XX əsrdə bu proses daha kütləvi hal alıb, 1905-1918-ci il hadisələri, 1948-1952-ci, 1988-1991-ci illər deportasiyaları ilə bölgə tamam azərbaycanlılardan boşaldılıb. Deportasiya olunmuş Qərbi azərbaycanlıların məskunlaş¬dırılması zamanı vahid prinsip gözlənilməyib, insanlar pərakəndə, dağınıq halda yerləşdirilib. Nəticədə eyni kəndin əhalisi Azərbaycanın fərqli rayonlarına səpələnib. Nəinki kənd, hətta bir ailənin üzv¬ləri belə fərqli rayonlarda məskunlaşıb. Bir ağsaqqalın dediyi “Qərbi azər¬baycanlılar arpa unu kimi Azərbaycanın dörd bir tərəfinə dağılıb” məsəli, əslində, onların düşdüyü durumu ifadə edir. Məskunlaşma zamanı əhali¬nin tərkibinin, bölgənin etnoqrafik xüsusiyyətinin nəzərə alınmaması, fərqli kəndlərin əhalisinin bir kəndə yığılması bölgədəki folklor mühitlərinin dağılmasına səbəb olub.
Məruzədə Qərbi Azərbaycan folklorunun qızılbaş inancı əsasında formalaşdığı vurğulanır. Bu inanc sistemi insanların davranışına, mərasimlərinə və folklor nümunələrinə təsir göstərib, doğruluq, halallıq və yardımlaşma kimi dəyərlərin ön plana çıxmasına səbəb olub. Şeyx Səfi buyruq¬larında keçən “əlinə, dilinə və belinə sahib ol” ifadəsi onlar arasında bu gün də gözlənilir. Yaşlı insanlarla söhbət zamanı oğurluq etməyin, yalan danış¬mağın pis hal olduğu vurğulanır. Ona görə oğurluq edənə, yalan danışana, haram tikə yeyənə pis baxılıb, gələcək nəslə bu xüsusiyyət¬lərdən uzaq durmaları məsləhət görülüb. Bu dəyərlər yalnız öyüd-nəsihət kimi gələcək nəslə çatdırılma¬yıb, eyni zamanda, həmin görüşləri təbliğ edən folklor örnəkləri yaradılıb və onlar vasitəsilə camaat arasında təbliğ olunub. Bölgədə Həzrət Əlinin adı ilə bağlı ziya¬rətgahların (Çığırqan ocağı, Qaradaş ocağı, Şişin ocağı, Əli daş qılınclayan və s.), Xıdır Nəbi, Xıdır Elyas haqqında təsəvvürlərin geniş yayılması (bölgədə Xıdır Elyas ocağı mövcuddur, kiçik çilə daxilində Xıdırın gəlişi təqvim dövrü kimi bayram edilir və s.) məhz qızılbaş inancı ilə bağlıdır. Bundan əlavə, bölgədə mövcud olan ziyarətgahların bir qismi Ərdəbilə bağlı seyidlərin ocağıdır. Salyan rayonunda məskunlaşmış bir seyidin “əsl seyid Naxçıvan və Ermənistan ərazisindəki seyidlərdir” fikri də bu zonadakı seyidlərin Ərdəbil ocağına bağlılığından qaynaqlanır.
O qeyd edib ki, folklor regional ənənələr daxilində formalaşır və inkişaf edir. Mühitindən qoparılmış folklor sudan çıxarılmış balıq kimidir, çox uzun müddət yaşamır, tezliklə ömrünü başa vurur. Bu gün Qərbi azərbaycanlılar arasında müşahidə olunan bir çox adət-ənənələrin unudulması, bayram ənənələrinin sıradan çıxması məhz bölgədəki folklor mühitlərinin dağılmasının acı nəticəsidir.
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır
Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir