


Tələbələr miqrasiya və ictimai təhlükəsizlik məsələləri barədə maarifləndiriliblər
Quba, 5 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının tələbələri miqrasiya və ictimai təhlükəsizlik məsələləri barədə maarifləndiriliblər.
Filialdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan “Hüquqi maarifləndirmə, miqrasiya məsələləri və ictimai təhlükəsizlik sahəsində aktual çağırışlar” adlı praktiki konfransda mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb.
ADPU-nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva bildirib ki, gənclərin hüquqi maarifləndirilməsi, onların milli ruhda və qanunlara hörmət mühitində tərbiyə olunması istiqamətində filialda mütəmadi və məqsədyönlü işlər görülür. Gənclərin hüquqlarının etibarlı qorunması, təhsil mühitində bərabər imkanların təmin edilməsi və onların zərərli meyillərdən uzaq tutulması filial rəhbərliyinin prioritet hədəflərindəndir. Bu növ birgə platformalar gənc mütəxəssislərin gələcəkdə cəmiyyətdə hüquqşünas şüuruna malik vətəndaşlar kimi formalaşmasına birbaşa xidmət edir.
Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Regional Miqrasiya İdarəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi Nail İsayev miqrasiya sahəsindəki hüquqi tənzimləmələr, əcnəbilərin leqallaşdırılması prosedurları, təhsil hüququ və digər aktual məsələlər barədə məlumat verib. N.İsayev qloballaşan dünyada miqrasiya proseslərinin idarəolunması, xarici tələbələrin və vətəndaşların hüquqi statusu, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə metodları barədə danışaraq tələbələri bu sahədəki yeniliklərlə tanış edib.
Quba Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis polkovniki Rüstəm Hüseynov rayonda ictimai asayişin təmin olunması dinamikası, cinayətkarlığa qarşı mübarizə və daxili sabitliyin qorunması istiqamətində görülən sistemli işləri diqqətə çatdırıb. Vətəndaş məmnunluğunun təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin artırılması və kurort-turizm zonası olan Qubada asayişin nümunəvi təşkili məqsədilə reallaşdırılan ardıcıl layihələr statistik göstəricilərlə konfrans iştirakçılarının nəzərinə çatdırılıb. O, gəncləri ictimai təhlükəsizliyin qorunmasında hər zaman ayıq-sayıq olmağa və dövlətçilik maraqlarının müdafiəsində polis orqanları ilə sıx əməkdaşlıq etməyə çağırıb.
Quba RPŞ-nin inspektoru, baş leytenant Aynur Şahbazova ictimai təhlükəsizliyin qorunması və hüquq qaydaları mövzusuna məruzə edib.
Praktiki konfrans tələbələrin suallarının cavablandırılması və mövzular ətrafında qarşılıqlı müzakirələrlə yekunlaşıb.
Müxbir - Elxan Yusifli
Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib