×
A
A
A
Sazlamalar

Vyana Dövlət Operasında “Karmen” operasında baş rolu ifa edən gənc opera müğənnisi ilə görüş

Vyana, 4 iyun, AZƏRTAC

Elmina Həsənin Vyana Dövlət Operasında Jorj Bizenin məşhur “Karmen” operasında baş rolu ifa etməsi Azərbaycan musiqi mədəniyyəti üçün tarixi bir hadisədir. Bu çıxış sənətçinin həm Vyana Dövlət Operasında ilk səhnə təcrübəsi, həm də birbaşa baş rol ifa etməsi ilə əlamətdardır.
AZƏRTAC xəbər verir ki, bu barədə gənc opera müğənnisi Elmina Həsən ilə Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə deyilib.
Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova sənətçini Azərbaycan mədəniyyətini xaricdə yüksək səviyyədə təmsil etdiyinə görə təbrik edib və ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Elmina Həsən görüşdə keçdiyi təhsil və sənət yolu barədə danışıb, Azərbaycan təmsilçisi kimi Vyana Dövlət Operası kimi dünyaca tanınmış səhnələrdə çıxış etməkdən qürur duyduğunu bildirib.
Görüşdə Azərbaycan mədəniyyətinin xaricdə təbliği imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Vyana Dövlət Operasında baş rol ifa etmək hər bir opera müğənnisinin karyerasında xüsusi yer tutur. Elmina Həsənin bu uğuru Azərbaycan mədəniyyətinin beynəlxalq arenada tanıdılması və təbliği istiqamətində mühüm nailiyyətlərdən biridir.

Mədəniyyət 2026-06-04 17:01:00