


Jurgis Adomavicius: Rəqəmsallaşma logistika və yükdaşımalar sahəsində proseslərin daha sürətli həyata keçirilməsinə imkan yaradır
Bakı, 3 iyun, AZƏRTAC
Rəqəmsallaşma logistika, yükdaşımalar sahəsində proseslərin daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Litvanın Nəqliyyat İnnovasiyaları Assosiasiyasının İdarə Heyətinin sədri Jurgis Adomavicius 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu texnologiyalar vasitəsilə məlumatların təsdiqi daha qısa müddətdə aparılır, iştirakçılar arasında informasiya mübadiləsi isə xeyli asanlaşır.
“Litva məhsullarının bir hissəsi Azərbaycan bazarına idxal olunur. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca fəaliyyət göstərərkən müxtəlif ölkələrin fərqli tələbləri və prosedurları ilə qarşılaşırıq. Rəqəmsal platformalar bizə marşrutboyu hansı sənədlərin və sertifikatların tələb olunacağını əvvəlcədən müəyyən etməyə kömək edir. Bu sistemlər sərhəd-keçid məntəqələrində bizi hansı prosedurların gözlədiyini öncədən bilməyə və mümkün gecikmələrin qarşısını almağa imkan verir. Biz hökumət qurumları ilə birlikdə məlumat mübadiləsinin sürətləndirilməsi və rəqəmsal həllərin genişləndirilməsi istiqamətində səylərimizi davam etdiririk. Bununla belə, bu sahədə hələ də həllini gözləyən məsələlər mövcuddur. Digər ölkələrin uğurlu təcrübələrinin öyrənilməsi və tətbiqi proseslərin daha da təkmilləşdirilməsinə töhfə verə bilər. Məsələn, yük Qazaxıstan sərhədinə çatdıqda əlavə sertifikatın tələb olunduğu məlum olur. Əgər bu məlumat əvvəlcədən rəqəmsal platformalar vasitəsilə əldə edilsə, əlavə vaxt itkisi və maliyyə xərclərinin qarşısını almaq mümkün olar”, - deyə Jurgis Adomavicius əlavə edib.
Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir
Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir
Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib
Azərbaycan nefti 99 dollara satılır
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır