


Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib
Bakı, 2 iyun, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 2-də Serbiyanın paytaxtı Belqradda keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Qafarova "Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması" mövzusunda çıxışında belə tədbirlərin beynəlxalq əməkdaşlığın vacibliyini – fikir mübadiləsinin və qabaqcıl təcrübələrin paylaşılmasının əhəmiyyətini aydın şəkildə nümayiş etdirdiyini vurğulayaraq, bu gün müzakirə olunan problemlərin yalnız bir ölkə və ya regionla məhdudlaşmadığını qeyd edib.
O, bu gün bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, lakin hələ də aradan qaldırılması vacib problemlərin mövcud olduğunu bildirib. Milli Məclisin sədrinin sözlərinə görə, bu problemlərin ən çətini isə qadınların şəxsi inkişafını məhdudlaşdıran stereotiplər və sosial normalardır.
“Parlament üzvləri olaraq biz qanunvericiliyi ən mühüm alət kimi qəbul edirik. Çünki qanunvericilik zəruri normativ-hüquqi çərçivələri müəyyən edir. Lakin biz, eyni zamanda anlayırıq ki, təkcə qanunvericilik arzu olunan nəticələri təmin edə bilməz. Bunun üçün bütün cəmiyyəti əhatə edən yanaşmaya əsaslanan daha sistemli və hərtərəfli münasibətə ehtiyac var”, - deyə S.Qafarova bildirib.
O, Azərbaycanda gender bərabərliyi və qadınların həyatın bütün sahələrində təmsilçiliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, bu gün cəmiyyətimizdə gender bərabərliyi ilə bağlı mövcud təsəvvürlər əslində çox əvvəllər formalaşmış milli ənənələrimizi əks etdirir. Belə ki, Azərbaycan qadınları tarixən cəmiyyətin bərabərhüquqlu tərəfdaşları kimi qəbul olunub və onun inkişafına həlledici təsir göstəriblər.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə məişət zorakılığı ilə mübarizə aparılması, ayrı-seçkiliyin aradan qaldırılması, qadınların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də onların səlahiyyətləndirilməsinin təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Prezidentin imzaladığı sərəncamlar, milli fəaliyyət planları və dövlət proqramları qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişlərə səbəb olan kompleks və hərtərəfli yanaşmanın formalaşdırılmasını təmin edib.
Milli Məclisin sədri çıxışının sonunda bir daha qeyd edib ki, dünyadakı mövcud vəziyyət dərin kök salmış stereotiplərin və mənfi sosial normaların aradan qaldırılması istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyini göstərir. Qanunvericilik bazasının və institusional mexanizmlərin daha da gücləndirilməsi, eyni zamanda, cəmiyyətin maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Rəsmi Bakı: CNN-dən əsassız iddiaların yayıldığı məqalənin təkzib edilməsini gözləyirik
XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb VİDEO
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib