×
A
A
A
Sazlamalar

Cəfər Qarayev: Bakı–Tbilisi–Bakı qatar xəttinin açılması turizm sektoruna mühüm töhfə verəcək

Bakı, 25 may, AZƏRTAC

Azərbaycanla Gürcüstan arasında Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının bərpa olunması əlamətdar hadisədir. Pandemiyadan sonra ilk dəfə olaraq Azərbaycan vətəndaşları yenidən dəmir yolu vasitəsilə Gürcüstana səfər edə biləcəklər. Bu marşrut sərnişinlərə Gürcüstan üzərindən digər ölkələrə həm quru sərhədi, həm də hava yolu ilə rahat şəkildə səyahətlərini davam etdirmək imkanı yaradacaq. Eyni zamanda, Azərbaycanla vizasız rejimə malik ölkələrin vətəndaşları da artıq ölkəmizə quru sərhədindən daxil ola biləcəklər.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Zakher Travel” şirkətinin rəhbəri, turizm eksperti Cəfər Qarayev məlumat verib.
O bildirib ki, Bakı–Tbilisi qatar xəttinin yenidən fəaliyyətə başlaması və Azərbaycan vətəndaşlarının Gürcüstana giriş-çıxışı ilə bağlı imkanlarının genişlənməsi turizm sektoru üçün mühüm addım hesab olunmalıdır. Bu qərar həm iki ölkə arasında turist axınının artmasına, həm də regionda iqtisadi və mədəni əlaqələrin daha da güclənməsinə xidmət edəcək.
Pandemiya dövründən etibarən xarici vətəndaşların Azərbaycana quru sərhədləri vasitəsilə girişinə məhdudiyyət tətbiq olunduğunu diqqətə çatdıran turizm eksperti deyib ki, yeni qərara əsasən vizasız rejimdən yararlanan təxminən 20 ölkənin vətəndaşları artıq Azərbaycana quru sərhədindən daxil ola biləcəklər.
“Hazırda Azərbaycanın təxminən 20-yə yaxın ölkə ilə vizasız rejimi mövcuddur. Bundan əlavə, 60-a yaxın ölkənin vətəndaşları vizanı hava limanında rəsmiləşdirə bilirdi. Görünür ki, sərhəd-keçid məntəqələrində bu xidmətin mövcud olmaması səbəbindən yalnız vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşları quru sərhədindən istifadə edə biləcəklər. Əks istiqamətdə isə bütün xarici vətəndaşlar Azərbaycandan çıxış edə biləcəklər. Lakin onların Gürcüstana keçidi həmin ölkənin viza və sərhəd qanunvericiliyinə uyğun şəkildə həyata keçiriləcək. Əgər Gürcüstan müəyyən ölkələrin vətəndaşları üçün viza tələb etmirsə, həmin şəxslər Azərbaycandan Gürcüstana da keçə biləcəklər”, — deyə ekspert bildirib.
C.Qarayev qeyd edib ki, qatar marşrutunun fəaliyyətə başlaması xüsusilə dəmir yolu xətti üzərində yerləşən şəhər və rayonlarda iqtisadi aktivliyin və turizm hərəkətliliyinin artmasına səbəb olacaq. Paytaxtdan Gürcüstana və digər ölkələrə səfər etmək istəyən şəxslər bu marşrutdan geniş istifadə edəcəklər.
Ekspert əlavə edib ki, xaricdə, xüsusilə Rusiya və Türkiyədə yaşayan azərbaycanlılar Gürcüstana gəldikdən sonra qatar vasitəsilə Azərbaycana daha rahat şəkildə keçə biləcəklər: “Bu qərar eyni zamanda altı ildən sonra bağlı qalan bir qapının yenidən açılması kimi qiymətləndirilir. Uzun illərdir sərhədlərin açılmasını gözləyən insanlar üçün bu xəbər böyük sevinc doğurub”.
Təyyarə biletlərinin bahalaşması və yanacaq qiymətlərinin artması fonunda xaricə səfər etməkdə çətinlik çəkən insanlar üçün dəmir yolu marşrutunun bərpası mühüm alternativ hesab olunur.
“Bununla yanaşı, uzaq Qərb və Şərq ölkələrindən Azərbaycana və ümumilikdə Qafqaz regionuna gələn turistlərin əksəriyyəti səfərlərini qrup şəklində təşkil edir. Fərdi səyahət edən turistlər də regiona gəldikdə bir neçə ölkəni eyni marşrut çərçivəsində ziyarət etməyə üstünlük verirlər. Bu məqsədlə fəaliyyət göstərən “Qafqaz marşrutu” turizm xətti yeni imkanlarla daha da aktuallaşacaq. Turistlər Azərbaycana gəldikdən sonra rahat şəkildə Gürcüstana keçə, eyni zamanda Gürcüstandan Azərbaycana sərbəst şəkildə səfər edə biləcəklər. Bu isə hər iki ölkənin turizm sektorunun inkişafına mühüm töhfə verəcək”,-deyə “Zakher Travel” şirkətinin rəhbəri diqqətə çatdırıb.

Turizm 2026-05-25 14:41:00