


Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
Bakı, 23 may, AZƏRTAC
Bakı–Tbilisi–Bakı qatar marşrutunun bərpası Azərbaycandan Gürcüstana, həmçinin bu ölkə vasitəsilə tranzit keçməklə digər istiqamətlərə səfər edənlərin sayını artıracaq. Bu, eyni zamanda Gürcüstandan gələn turist axınına müsbət təsir göstərməklə yanaşı, oradakı xarici səyahətçilərin də qatarla Azərbaycana gəlməsinə geniş imkanlar yaradacaq.
Bunu AZƏRTAC-a açıqlamasında “Skal Baku” Turizm Peşəkarları Təşkilatının sədri, “Smart Hotels Group”un rəhbəri Ceyhun Aşurov bildirib.
"Qonşu Türkiyənin böyük bir bazar olduğunu nəzərə alsaq, Gürcüstana kifayət qədər Türkiyə vətəndaşının, xüsusən də turist qruplarının səfər etdiyini görərik. Lakin hazırda Azərbaycana quru sərhədləri bağlı olduğundan, bu cür irihəcmli qrupları ardıcıl şəkildə qəbul etmək mümkün olmur", - deyə o diqqətə çatdırıb.
Ceyhun Aşurov qeyd edib ki, səyahətin yalnız hava nəqliyyatı ilə məhdudlaşması və aviabiletlərin qruplar üçün bəzən tapılmaması ciddi çətinliklər yaradır. Bu baxımdan, dəmir yolu marşrutunun bərpası türkiyəli turistlərin Gürcüstan üzərindən Azərbaycana gəlmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Onun sözlərinə görə, Azərbaycanın turizm bazarı 2019-cu illə müqayisədə hələ də tam bərpa olunmayıb. "Düşünürük ki, sərnişin qatarının bərpası hər iki ölkə arasında turist gediş-gəlişini yenidən aktivləşdirəcək", - deyə o əlavə edib.
Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər
Əziz Şiriyev: Əvvəlki aylarla müqayisədə turizm sektorunda müəyyən canlanma müşahidə olunur
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub