×
A
A
A
Sazlamalar

“Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 908 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adı aşağıdakı redaksiyada verilsin:
“Nümayəndə heyətlərinin səfərləri barədə məlumatların və hesabatların təqdim edilməsi haqqında”;
1.2. preambulada “Yüksək səviyyəli nümayəndə” sözləri “Nümayəndə” sözü ilə əvəz edilsin;
1.3. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin nazirliklərinin və ya eyni statuslu dövlət orqanları rəhbərlərinin müavinləri və ya daha yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına, habelə rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin eyni statuslu vəzifəli şəxsləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin Azərbaycan Respublikasına edəcəyi səfərlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılır, səfərlərin nəticələrinə dair hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.”;
1.4. 2-ci hissədə “hesabat nümayəndə heyətinə rəhbərlik edən şəxs” sözləri “məlumat və hesabat səfərin təşkilinə və həyata keçirilməsinə cavabdeh olan dövlət orqanının (qurumunun) rəhbəri” sözləri ilə əvəz edilsin;
1.5. 3-cü hissədə “hesabat səfəri təşkil edən və onun həyata keçirilməsi üçün ilk növbədə cavabdeh olan şəxs” sözləri “məlumat və hesabat səfərin təşkilinə və həyata keçirilməsinə cavabdeh olan dövlət orqanının (qurumunun) rəhbəri” sözləri ilə əvəz edilsin;
1.6. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. Səfərin proqramı (səfər üzrə hər bir tədbirin adı, məzmunu, iştirakçıları, yeri, tarixi) və əhəmiyyəti, tədbirdə əyani iştirakın zəruriliyi, ezamiyyə xərcləri və digər xərclər, maliyyələşmə mənbəyi, səfərdən gözlənilən nəticələr (effektivliyə dair proqnoz), nümayəndə heyətinin rəhbəri, digər üzvləri və onların iştirakının zəruriliyi barədə məlumat səfərin başlanmasına ən geci on beş iş günü qalmış təqdim edilir. Məlumatı bu müddət ərzində üzrlü səbəblərə görə təqdim etmək mümkün olmadıqda, həmin məlumat üzrlü səbəblər əsaslandırılmaqla daha qısa müddətdə təqdim edilir.”;
1.7. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
“4-1. Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətinin tərkibinə iki və daha artıq dövlət orqanının (qurumunun) nümayəndələri daxil olduqda, bu Fərmanın 4-cü hissəsinin birinci cümləsində nəzərdə tutulan məlumatlar və nümayəndə heyətinin rəhbərinə dair təklif həmin dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla təqdim edilir.”;
1.8. 5-ci hissədə “səfəri təşkil edən və onun həyata keçirilməsi üçün ilk növbədə cavabdeh olan şəxs” sözləri “səfərin təşkilinə və həyata keçirilməsinə cavabdeh olan dövlət orqanının (qurumunun) rəhbəri” sözləri ilə əvəz edilsin;
1.9. 6-cı hissədə “gün” sözü “iş günü” sözləri ilə, “edilməlidir” sözü “edilir” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2026-cı il

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və 2022-ci il 26 iyul tarixli 1764 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kibertəhlükəsizlik Agentliyinin NİZAMNAMƏSİ

Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin müşahidə şuralarında (himayəçilik və ya direktorlar şuralarında) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsilçiliyi ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2026-05-13 16:49:00