


Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib YENİLƏNİB
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri iki gün öncə xalqımızın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyini böyük qürurla, hörmət və ehtiramla qeyd etdiyini xatırladıb. Diqqətə çatdırıb ki, milli tariximizin ən böyük şəxsiyyətlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilib.
Milli Məclisin sədri vurğulayıb ki, Ümummilli Liderin başladığı möhtəşəm işlər Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Son iyirmi üç il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük və qürurverici uğurlar əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan verib.
İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Çıxışlarda Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə Prezident İlham Əliyevin Şərqi Zəngəzurda öz ata-baba yurdlarına qayıdan sakinlərlə görüşünün xüsusi siyasi və mənəvi əhəmiyyət daşıdığı bildirilib.
Sonra iclasda gündəlikdəki məsələlərə baxılıb. Parlamentin sədri Sahibə Qafarova birinci məsələnin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı olduğunu söyləyib. O, bu məsələ ilə əlaqədar olaraq plenar iclasda Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimovun və daxili işlər nazirinin müavini Fazil Quliyevin iştirak etdiyini deyib.
Daxili işlər nazirinin birinci müavini, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimov 2025-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edib.
Milli Koordinator bildirib ki, hesabat ölkədə insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticələrini əhatə edir və dövlət qurumlarının məlumatları əsasında hazırlanıb. Hesabatda, həmçinin qeyri-hökumət təşkilatlarının materialları və aidiyyəti beynəlxalq qurumların təhlil və qiymətləndirmələri də nəzərə alınıb.
İnsan alverinə qarşı mübarizənin əsas prioritet istiqamətlərindən olan institusional mexanizmlərin təkmilləşdirilməsinə hesabat ilində də önəm verilərək aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Eyni zamanda, 2026–2030-cu illəri əhatə edən Milli Fəaliyyət Planı layihəsi razılaşdırılaraq aidiyyəti üzrə təqdim olunub.
Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Koordinatorun illik məlumatı ilə bağlı rəhbərlik etdiyi komitənin rəyini təqdim edib. Komitə sədri çıxışında insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanın əldə etdiyi nəticələri, müasir dövrün çağırışlarını və qlobal təhlükələri təhlil edib. O, siyasi-hüquqi və təhlükəsizlik aspektlərini əhatə edən sistemli yanaşmanın vacibliyini vurğulayıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı rəhbərlik etdiyi komitənin mövqeyini diqqətə çatdırıb. Bildirib ki, təqdim olunan məlumat həyata keçirilmiş kompleks tədbirləri sistemli və lakonik şəkildə əhatə edir və burada insan alverinin yalnız hüquq-mühafizə deyil, eyni zamanda sosial-iqtisadi və müasir mərhələdə informasiya təhlükəsizliyi problemi kimi xarakterizə olunması düzgün yanaşmadır.
Müzakirələrin sonunda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı nəzərə alınıb.
Sahibə Qafarova növbəti məsələ - “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsi ilə bağlı məlumat vermək üçün Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzova söz verib.
Komitə sədri bildirib ki, sənəddə Quba rayonunun inzibati ərazisinə daxil olan Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının müvafiq olaraq “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif edilir.
S.Novruzov təklifin həm yerli sakinlər və bələdiyyələr, həm də Milli Məclis yanında Toponimiya Komissiyası tərəfindən dəstəkləndiyini, tarixi ədalətin bərpasına, milli toponimik irsin zənginləşdirilməsinə və dövlətçilik təfəkkürünün möhkəmləndirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirildiyini söyləyib.
Layihənin müzakirəsində deputat Əlibala Məhərrəmzadənin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri gündəliyin növbəti 2 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Komitə sədri layihədə təklif olunan dəyişikliklərin əkin təyinatlı torpaqlarda müasir texnologiyaların daha səmərəli tətbiqinə, məhsuldarlığın yüksəlməsinə, fitosanitar mühitin yaxşılaşdırılmasına, su resurslarından istifadənin səmərəliyinin artırılmasına, istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət etdiyini söyləyib. Qeyd edilib ki, sənəd kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinin hüquqi əsasının və bundan irəli gələrək götürmənin mexanizminin yaradılmasını nəzərdə tutur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Diplomatik xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.
Komitə sədri ötən il ölkə Prezidenti tərəfindən təqdim edilmiş “Diplomatik xidmət haqqında” Qanunun qəbul edildiyini, bir müddət sonra isə “Dövlət qulluğu haqqında” Qanuna müvafiq dəyişikliklərin edildiyini nəzərə çatdırıb. Bildirilib ki, təqdim olunan qanun layihəsində yuxarıda adı çəkilən qanunlarla dövlət qulluğuna xitam verilməsinin əsasları, bu zaman dövlət qulluqçusuna və onun vərəsələrinə dövlət məvacibinin hesablanıb ödənilməsi, dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin yenidən formalaşdırılması istiqamətində edilən dəyişikliklərə uyğun olaraq diplomatik xidmətin xüsusiyyətləri nəzərə alınmaqla "Diplomatik xidmət haqqında" Qanunda da müvafiq dəyişikliklərin edilməsi təklif edilir.
Qanun layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri gündəliyin növbəti 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə danışıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Komitə sədri məsələnin birinci oxunuşda müzakirəsi zamanı çıxış edən deputatların layihəni dəstəklədiklərini, habelə bir sıra təkliflərin səsləndirildiyini bildirib. Layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihədə təklif olunan dəyişikliklərdə qanunun müvafiq maddələrinə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılmasına dair yeni normaların əlavə edilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Parlamentin sədri gündəliyin son 2 məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu bildirib.
O, 7-ci məsələnin “Maliyyə icarəsi haqqında”, 8-ci məsələnin isə Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin olduğunu diqqətə çatdırıb.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov həmin qanun layihələrini təqdim edib.
Komitə sədri 7-ci məsələnin mahiyyəti, məqsədi, konseptual əsasları barədə birinci oxunuş zamanı geniş məlumat verildiyini, deputatlar tərəfindən sənədi dəstəkləyən çıxışlar edilərək, onun əhəmiyyətinin xüsusi vurğulandığını, həmçinin bəzi təkliflərin səsləndirildiyini söyləyib. Millət vəkilləri tərəfindən gələcəkdə maliyyə icarəsi fəaliyyəti üçün geniş güzəştlər paketinin tətbiq olunması, maliyyə bazarının subyekti üzrə maarifləndirmə işlərinin aparılması ilə bağlı təkliflərin verildiyini deyib.
Bildirilib ki, maliyyə icarəsi bank kreditlərinə alternativ kimi çıxış edir, maliyyə bazarında rəqabəti gücləndirir, kapitalın real sektora yönəlməsini təmin edir. Qanun layihəsinin qəbulu milli iqtisadiyyatın maliyyələşdirilməsi mənbələrinin şaxələndirilməsinə, sahibkarlığın maliyyə təminatının genişləndirilməsinə, investisiya aktivliyinin yüksəlməsinə töhfə verəcək.
Azər Əmiraslanov növbəti qanun layihəsini təqdim edərək, sənədin uyğunlaşdırma xarakteri daşıdığını, “Maliyyə icarəsi haqında” qanun layihəsinin məntiqi davamı olmaqla yanaşı, maliyyə lizinqi institutunun hüquqi sistemə inteqrasiyasını təmin edən mühüm normativ paket olduğunu deyib.
Sonra 8-ci məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bu komitələrin rəylərini açıqlayıblar.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir TƏHLİL
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
Parlament 13 məsələni müzakirəyə çıxararaq yaz sessiyasını yekunlaşdırıb YENİLƏNİB