×
A
A
A
Sazlamalar

Qarabağ Universitetinin rektoru: Milli yaddaşın qorunması və soyqırımı həqiqətlərinin tədqiqi prioritet vəzifəmizdir

Xankəndi, 31 mart, AZƏRTAC

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində dərin iz buraxmış ən qanlı faciələrin xatırlandığı, milli yaddaşımızın yenidən təzələndiyi bir gündür. Düz 108 il əvvəl erməni-bolşevik silahlı qruplaşmaları tərəfindən doğma yurdlarımızda on minlərlə günahsız azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirilib, yüzlərlə yaşayış məntəqəsi, mədəni və tarixi abidə dağıdılıb.
Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
O bildirib ki, bütövlükdə xalqımıza qarşı uzun illər davam edən ayrı-seçkilik, düşmənçilik və etnik təmizləmə siyasətinin nəticəsi olaraq bu faciələr minlərlə ailənin taleyini dəyişib, insanların doğma yurd-yuvalarından didərgin düşməsinə və bir sıra yaşayış məkanlarının yer üzündən silinməsinə səbəb olub. Məhz bu baxımdan 31 Mart təkcə bir anım günü deyil, eyni zamanda, tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin rəmzi kimi xüsusi məna kəsb edir.
Bu tarix həm də bizi keçmişimizin ağrılı səhifələrinə yenidən nəzər salmağa, baş vermiş ədalətsizlikləri unutmamağa və tarixdən düzgün nəticələr çıxarmağa çağırır. Cəmiyyət olaraq belə faciələrin bir daha təkrarlanmaması üçün daha məsuliyyətli mövqe nümayiş etdirməyimizi zəruri edir. Təbii ki, tarixi yaddaşın qorunması, faktların düzgün öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır və eyni zamanda, qlobal səviyyədə ədalət və humanizm prinsiplərinin möhkəmlənməsinə xidmət edir.
Rektor deyib ki, məhz uzaqgörən yanaşmanın nəticəsi olaraq, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən 26 mart 1998-ci il tarixində imzalanmış müvafiq Fərmanla bu hadisələrə ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərlə müşayiət olunur. Dövlət səviyyəsində keçirilən anım mərasimləri, aparılan araşdırmalar və beynəlxalq müstəvidə həyata keçirilən informasiya siyasəti bu həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.
“Xüsusilə vurğulamaq lazımdır ki, bu ümummilli vəzifənin həyata keçirilməsində ali təhsil müəssisələrinin rolu da çox önəmlidir. Qarabağ Universiteti olaraq biz də bu məsələyə yalnız anım aspektindən yanaşmır, eyni zamanda, onu elmi və maarifləndirici fəaliyyətimizin əsas istiqamətlərindən biri kimi qəbul edirik. Universitetimizdə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, tarixini dərindən bilən və onu obyektiv şəkildə dəyərləndirə bilən vətəndaşlar kimi formalaşdırılması prioritet istiqamətlərdəndir. Təhsil, tədqiqat və ictimai fəaliyyət vasitəsilə bu kimi tarixi faciələrimizin unudulmaması, onların dərindən öyrənilməsi və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi istiqamətində ardıcıl işlər görülür.
Eyni zamanda, Qarabağ bölgəsində fəaliyyət göstərən ali təhsil müəssisəsi olaraq biz bu tarixi yaddaşın məhz bu torpaqlarda daha güclü şəkildə yaşadılmasının vacibliyini dərindən anlayırıq. Regionun dirçəlişi və inkişafı ilə yanaşı, onun tarixi həqiqətlərinin qorunması və təbliği də bizim üçün mühüm vəzifələrdən biridir. Bu baxımdan Qarabağ Universiteti yalnız ali təhsil ocağı deyil, həm də milli yaddaşın qorunmasına xidmət edən mühüm bir akademik mərkəz rolunu oynayır. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə günahsız soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik”, - deyə o əlavə edib.

Qan yaddaşı 2026-03-31 18:44:00