


Türk politoloq: 1918-ci ilin mart hadisələrinin beynəlxalq səviyyədə tanıdılması mühüm əhəmiyyət kəsb edir
Bakı, 31 mart, AZƏRTAC
1918-ci ilin 31 mart hadisələri Azərbaycan tarixində xüsusi yer tutan və azərbaycanlı mülki əhaliyə qarşı sistemli şəkildə həyata keçirilmiş kütləvi qırğınlarla xarakterizə olunan faciəvi dövrdür. Bu hadisələr yalnız humanitar fəlakət deyil, eyni zamanda, dövrün siyasi reallıqları fonunda regionda formalaşmaqda olan yeni idarəetmə sisteminin Azərbaycana münasibətinin açıq təzahürü kimi də qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk politoloq Hüsamettin İnanç bildirib.
Onun sözlərinə görə, 1918-ci ilin martında baş verən hadisələr azərbaycanlı mülki əhalinin sistemli və planlı şəkildə qətlə yetirilməsi ilə müşayiət olunub və bu baxımdan həmin proseslər klassik mənada soyqırımı cinayətinin əsas xüsusiyyətlərini özündə ehtiva edir. Bir dövlətin və ya siyasi güc mərkəzinin öz imkanlarından istifadə edərək müəyyən bir etnik və ya milli qrupa qarşı sistemli şəkildə həyata keçirdiyi kütləvi qətliamlar hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilir. Bu mənada 1918-ci il 31 mart hadisələri də bu kateqoriyaya daxildir.
H.İnanç qeyd edib ki, burada əsas müzakirə mövzularından biri “soyqırımı” anlayışının beynəlxalq hüquqda yalnız İkinci Dünya müharibəsi sonrası, xüsusilə 1945-ci ildən sonra formalaşması ilə bağlıdır. Bu anlayışın geriyə tətbiq olunub-olunmaması məsələsi beynəlxalq hüquqşünaslar arasında geniş müzakirələrə səbəb olub və bu kontekstdə hüquqi presedentlərin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Politoloq bildirib ki, 1918-ci il hadisələrini daha geniş tarixi kontekstdə qiymətləndirmək üçün XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verən proseslərə diqqət yetirilməlidir. 1912-1913-cü illər Balkan müharibələri, Osmanlı coğrafiyasında və Qafqazda baş verən hadisələr, eləcə də müxtəlif regionlarda türklərə və müsəlman əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar həmin dövrün ümumi mənzərəsini formalaşdırır. Bu hadisələrin də tarixi və hüquqi baxımdan obyektiv şəkildə qiymətləndirilməsi və soyqırımı kontekstində araşdırılması zəruridir.
“Son dövrlərdə regionda baş verən siyasi proseslər, eləcə də Ermənistan rəhbərliyinin bəzi açıqlamaları Azərbaycan üçün müəyyən siyasi və informasiya üstünlükləri formalaşdırır və bu imkanlardan düzgün istifadə olunmalıdır. Azərbaycan 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Cənubi Qafqazda ciddi geosiyasi üstünlük əldə edib və bu gün regionda sabitlik və birgəyaşayış modeli nümayiş etdirən dövlət kimi çıxış edir. Tarixdə baş vermiş bu kimi hadisələrin unudulmaması və düzgün şəkildə sənədləşdirilməsi gələcəkdə analoji faciələrin qarşısının alınması baxımından mühüm rol oynayır. Azərbaycan regionda yeni geosiyasi reallıq formalaşdırıb və bu gün Cənubi Qafqazda öz mövqelərini daha da gücləndirərək beynəlxalq arenada təsir imkanlarını artırıb. Bu isə ölkəyə tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əlavə imkanlar yaradır”, - deyə H.İnanç əlavə edib.
O hesab edir ki, 1918-ci ilin mart hadisələrinin beynəlxalq səviyyədə tanıdılması üçün sistemli və ardıcıl fəaliyyət, xüsusilə informasiya və diplomatik müstəvidə fəal təşəbbüslər mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə beynəlxalq təşkilatlar, hüquqi institutlar və ictimai rəyə təsir imkanlarına malik platformalarla əməkdaşlığın genişləndirilməsi vacibdir.
Sonda politoloq qeyd edib ki, tarixdə baş vermiş faciələrin obyektiv qiymətləndirilməsi və onların adının düzgün qoyulması yalnız keçmişin deyil, həm də gələcəyin təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Onun fikrincə, bu cür hadisələrin beynəlxalq hüquq müstəvisində tanınması və təkrarlanmaması üçün zəruri mexanizmlərin yaradılması istiqamətində səylər davam etdirilməlidir.
Müxbir - Səbinə Əlizadə
Misir mətbuatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib
Tarixçi: 1918-ci ildə törədilən hadisələrin obyektiv araşdırılması mühüm elmi və mənəvi vəzifədir
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
Ankaranın Respublika Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb