×
A
A
A
Sazlamalar

Bilal Dündar: 31 Mart soyqırımı kimi faciələrin beynəlxalq hüquq müstəvisində tanınması üçün səylər daha da gücləndirilməlidir

Bakı, 31 mart, AZƏRTAC

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tarixdə silinməz iz qoymuş, dərin ağrı və iztirablarla yadda qalan faciələrdən biridir. Bu hadisələr təkcə fiziki məhv etmə deyil, həm də bir xalqın yaddaşına, kimliyinə və gələcəyinə qarşı yönəlmiş ağır zərbə kimi qiymətləndirilməlidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar bildirib.
Onun sözlərinə görə, bu faciənin ağırlığı yalnız statistik rəqəmlərlə ölçülə bilməz, söhbət dağıdılmış talelərdən, yarımçıq qalmış ömürlərdən, ata-anasını itirən uşaqlardan, yurd-yuvasından didərgin düşən insanlardan gedir. 31 Mart soyqırımı insanlıq tarixinin ən faciəvi səhifələrindən biridir və bu ağrı Azərbaycan xalqının kollektiv yaddaşında yaşayır.
“Türkiyədə bu faciəyə münasibət dərin empatiya və qardaşlıq hissləri ilə müşayiət olunur. Azərbaycan və Türkiyə arasında mövcud olan “bir millət, iki dövlət” prinsipi bu kimi ağrıların ortaq şəkildə yaşanmasını şərtləndirir. Türkiyə ictimaiyyəti 31 Mart soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla yad edir və bu faciənin unudulmaması üçün müxtəlif təşəbbüslərlə çıxış edir”, – deyə o bildirib.
Bilal Dündar xüsusi olaraq Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən fəaliyyətlərə toxunub. Onun sözlərinə görə, mərkəz bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində məqsədyönlü iş aparır. Müxtəlif ölkələrdən alimlərin və ictimai xadimlərin iştirakı ilə keçirilən beynəlxalq konfranslar, panel müzakirələri və elmi simpoziumlar 31 Mart soyqırımı ilə bağlı həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
“Biz yalnız anım tədbirləri ilə kifayətlənmirik. Məqsədimiz bu faciənin mahiyyətini, miqyasını və nəticələrini beynəlxalq ictimaiyyətə elmi əsaslarla təqdim etməkdir. Bu istiqamətdə sənədli filmlər hazırlanır, arxiv materialları üzə çıxarılır və müxtəlif dillərdə nəşrlər yayımlanır”, – deyə o qeyd edib.
Sədr bildirib ki, mərkəz tərəfindən təşkil olunan fotosərgilər və vizual təqdimatlar faciənin miqyasını daha aydın şəkildə göstərməyə imkan verir. Bu materiallar vasitəsilə ziyarətçilər həmin dövrün acı reallıqları ilə üz-üzə qalır, hadisələrin dəhşətini daha dərindən anlayırlar. Onun sözlərinə görə, bu cür yanaşma tarixi faktların emosional təsir gücünü artıraraq yaddaşlarda daha qalıcı iz buraxır.
Bilal Dündar əlavə edib ki, beynəlxalq media ilə əməkdaşlıq və diaspor təşkilatlarının fəallığı da bu istiqamətdə mühüm rol oynayır. Xarici mətbuatda dərc olunan məqalələr, televiziya proqramları və sosial media kampaniyaları vasitəsilə 31 Mart soyqırımı ilə bağlı həqiqətlər daha geniş auditoriyaya çatdırılır. O, xüsusilə gənc nəslin maarifləndirilməsinin vacibliyini vurğulayıb: “Tarixi yaddaşın qorunması gələcəyin təminatıdır. Bu səbəbdən universitetlərdə keçirilən seminarlar, açıq dərslər və maarifləndirici proqramlar vasitəsilə gənclərə bu hadisələrin əsl mahiyyəti çatdırılır. Gənc nəsil bu həqiqətləri bilməli və gələcəkdə onların təhrif olunmasına imkan verməməlidir”.
Sədr qeyd edib ki, 31 Mart soyqırımı kimi faciələrin beynəlxalq hüquq müstəvisində tanınması üçün səylər daha da gücləndirilməlidir.
“Bu, yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin məsələsidir. Belə cinayətlərə hüquqi-siyasi qiymət verilmədikcə, onların təkrarlanma riski qalır. Ona görə də beynəlxalq təşkilatların bu məsələyə daha həssas yanaşması vacibdir”, – deyə o bildirib.
Bilal Dündar vurğulayıb ki, 31 Mart soyqırımı qurbanlarının xatirəsi daim yaşadılmalı, bu faciə heç vaxt unudulmamalıdır: “Bu, həm keçmişə hörmət, həm də gələcək nəsillər qarşısında məsuliyyətimizdir. Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzi olaraq biz bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirərək davam etdirəcəyik”.

Müxbir - Vüqar Qurbanoğlu

Qan yaddaşı 2026-03-31 16:58:00