×
A
A
A
Sazlamalar

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, minatəmizləmə fəaliyyəti həyata keçirilən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 316 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 700 (yeddi yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:
2.1. minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına uyğun bərabər hissələrə bölünməklə) ödənilir:
2.1.1. dul arvadına (ərinə), valideynlərinə;
2.1.2. 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
2.1.3. birinci növbədən digər qohumları olmayan baba və nənələrinə;
2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş xərclər hesabına həmin Nazirlik tərəfindən ödənilir;
2.3. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü bu Fərman qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə də şamil edilir və bu Fərman qüvvəyə mindiyi tarixdən sonrakı dövr üçün ödənilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 mart 2026-cı il

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və 2022-ci il 26 iyul tarixli 1764 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kibertəhlükəsizlik Agentliyinin NİZAMNAMƏSİ

Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin müşahidə şuralarında (himayəçilik və ya direktorlar şuralarında) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsilçiliyi ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2026-03-31 12:42:00