


Milli Məclisin plenar iclasında ombudsmanın illik məruzəsi və bir sıra qanun layihələri qəbul olunub YENİLƏNİB
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri gündəliyə 8 məsələnin daxil edildiyini, birinci məsələnin Milli Məclisin qərar layihəsi olduğunu bildirib.
2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəni təqdim edən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Səbinə Əliyeva çıxış edərək bildirib ki, Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi rəmzi xarakter daşımaqla yanaşı, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun yeni mərhələyə yüksəldilməsi baxımından strateji əhəmiyyət kəsb edir, qanunun aliliyinin, suverenlik dəyərlərinin təbliğinə və təşviqinə xidmət edir. O, ötən ilin ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi, sosial və institusional islahatlara əsaslanan proseslərlə yadda qaldığını söyləyib.
Bildirilib ki, ötən il ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq pozuntularının qarşısının alınması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətini dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media subyektləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davam etdirib.
Ombudsman öz çıxışında rəqəmsallaşdırma və süni intellektin əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsir etdiyini deyərək, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının öyrənilməsinə, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanmasının, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılmasının zəruriliyindən söhbət açıb.
Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək ombudsmanın illik məruzəsinin rəhbərlik etdiyi komitədə geniş müzakirə olunduğunu söyləyib. O, dünya dövlətləri sırasında Azərbaycanın öz vətəndaşlarının təhlükəsiz yaşamaq hüququnu təmin etdiyi dövlətlərdən biri olduğunu vurğulayıb.
Müzakirələrin yekununda ombudsmanın 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib. Onların ilk ikisinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. Ona görə də layihələrin təqdimatları və müzakirəsi bir yerdə, səsverməsi isə ayrı-ayrılıqda keçirilib.
Məsələləri iclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib. Hicran Hüseynova əvvəlcə Azərbaycanda uşaqlarla bağlı dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarının həyata keçirilməsi sahəsində dövlət təminatlarının və dövlət nəzarətinin əsaslarını müəyyən edən “Uşaq hüquqları haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.
Gündəliyin 3-cü məsələsi olan Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı komitə sədri bildirib ki, sənədə dair heç bir rəy və təklif daxil olmayıb, mətn olduğu kimi qalır. Sənədə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilə əlaqədar bir sıra qanunvericilik aktlarında uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bu qanun layihəsi də üçüncü oxunuşda qəbul olunub.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov gündəliyin altıncı məsələsi olan “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (üçüncü oxunuş) məlumatı diqqətə çatdırıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Sənəd səsə qoyularaq qəbul olunub.
Arzu Nağıyev, həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O bildirib ki, dəyişikliklərin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesini daha səmərəli təşkil etmək və mövcud çətinlikləri aradan qaldırmaqdır. Qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması təklif olunub. Bu qanun layihəsi isə ikinci oxunuşda qəbul edilib.
Foto Aydın Məmmədov
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir TƏHLİL
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
Parlament 13 məsələni müzakirəyə çıxararaq yaz sessiyasını yekunlaşdırıb YENİLƏNİB