×
A
A
A
Sazlamalar

Anar Əliyev: Bəzi inzibati cərimələrin şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsi hazırlanır

Bakı, 18 iyun, AZƏRTAC

Son illərdə 2 milyondan çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub, o cümlədən 750 mindən çox şəxs münasib işlə, 103 mindən çox şəxs isə özünüməşğulluq proqramına, 45,6 min şəxs peşə hazırlığına cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə deyib.
O diqqətə çatdırıb ki, bu imkanlarla yanaşı, işəgötürənlər tərəfindən də “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsi, boş vakansiyalar haqqında tələb olunan formada və vaxtında məlumatın elektron vakansiya bankına daxil edilməsi, ölkədə işsizliyin daha da azalmasına, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və bütövlükdə əmək bazarının inkişafına öz töhfəsini verəcək.
“Əmək və məşğulluq sahəsində bütün məsələləri operativ vahid platforma üzərindən həll etmək üçün yaradılmış yeni “Əmək münasibətləri və məşğulluq” (ƏMAS) altsistemi innovativ həllər əsasında əmək münasibətlərin tənzimlənməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, əmək bazarının inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün yeni imkanlar açır. Hazırda altsistemdə təxminən 1,6 milyondan artıq əmək müqaviləsi elektron formada bağlanıb ki, bu da mövcud müqavilələrin 87 faizini təşkil edir.
Ölkə üzrə bütün vakansiyaların vahid bir platformada cəmlənməsi işsiz və işaxtaranların məşğulluq imkanlarını genişləndirməyə və əmək bazarında dinamikliyə müsbət təsir göstərir. Son dövrlər əmək qanunvericiliyinə edilmiş dəyişikliklər sahibkarlığın inkişafına xidmət etməklə yanaşı, işəgötürənlərə münasibətdə daha humanist yanaşmaları özündə əks etdirir. Belə ki, əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimənin şərti tətbiq edilməsinin dairəsi genişləndirilərək belə maddələrin sayı 10-a çatdırılıb. Qeyd olunan maddələr üzrə pozuntulara yol verən işəgötürənlərə onların aradan qaldırılması üçün vaxt verilir, işçilərin əmək hüquqları bərpa edildikdə işəgötürən cərimə ödəməkdən azad olunur. Bu, həm də işçilərin hüquqları baxımından işəgötürənlərin öhdəliklərini yerinə yetirməsinə əlavə stimul yaradır”, - deyə o bildirib.
A.Əliyev əlavə edib ki, bəzi inzibati cərimələrin də şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsi hazırlanır.

 

Cəmiyyət 2025-06-18 12:18:00