Kahramanmaraşda “Dəmir Yumruq” abidəsinin ucaldılması planlaşdırılır
Kahramanmaraş, 15 iyun, AZƏRTAC
Türkiyənin Kahramanmaraş şəhərində “Dəmir Yumruq” abidəsinin ucaldılması nəzərdə tutulur.
“Kahramanmaraşın Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Cəmiyyəti”nin rəhbəri Tural Şahbazlı AZƏRTAC-a bildirib ki, abidənin Kahramanmaraş şəhərindəki “Xocalı Milli Bağ Parkı”nda quraşdırılması ilə bağlı təkliflər artıq müvafiq vilayət strukturlarına təqdim olunub.
“Kahramanmaraş ictimaiyyəti Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin zəlzələdən zərər çəkmiş bölgənin bərpasına verdiyi töhfəni yüksək qiymətləndirir. Əminəm ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin və Ali Baş Komandanın müdrik rəhbərliyinin rəmzi olan “Dəmir Yumruq” abidəsi həm də bu vilayətin sakinlərinin Azərbaycan liderinə təşəkkürünün simvolu olacaq”, – deyə T. Şahbazlı bildirib.
O, təşəbbüslə bağlı prosedurların cari ilin sonunadək tamamlanacağına ümid etdiyini bildirib.
Tural Şahbazlı, həmçinin 2019-cu ildə Kahramanmaraş Böyükşəhər Bələdiyyə Şurası tərəfindən yekdilliklə təsdiqlənmiş “Xocalı Milli Bağ Parkı” layihəsinin əhəmiyyətini vurğulayıb: “Parkın açılış mərasimində Azərbaycanın Ankaradakı səfirliyinin nümayəndələri, Milli Məclisin deputatları, vilayət rəhbərliyi və hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak etmişdi”.
T. Şahbazlı 2013-cü ildə yaradılmış “Kahramanmaraş Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Cəmiyyəti”nin əsas məqsədinin Türkiyənin bu bölgəsində yaşayan əhaliyə Azərbaycanın tarixi, irsi və reallıqları haqqında geniş məlumat vermək olduğunu bildirib: “Cəmiyyətimiz yaranandan qısa müddət sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində rəsmi qeydiyyatdan keçdi. Sonrakı illərdə tək Kahramanmaraşda deyil, digər şəhərlərdə də çoxsaylı tədbirlər keçirmişik”.
Onun sözlərinə görə, 2023-cü il zəlzələlərinə qədər Kahramanmaraşda 350-dən çox azərbaycanlı yaşayırdı, onların əksəriyyəti yerli universitetlərin tələbələri idi. “Təəssüf ki, 50 mindən çox insanın həyatına son qoyan bu zəlzələlər bölgənin təhsil sisteminə də mənfi təsir göstərdi, bir sıra tələbə yataqxanaları dağıldı. Eyni zamanda, cəmiyyətimizin ofisi də dağıldı. Ümid edirik ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ofisimiz yenidən bərpa olunacaq”, – deyə T. Şahbazlı əlavə edib.
O, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinə və ölkəmizin Türkiyədəki səfirliyinə Azərbaycan diasporuna göstərilən daimi dəstəyə görə təşəkkürünü bildirib: “Biz daim dövlətimizin dəstəyini hiss edirik. Əminəm ki, Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı ilə fəaliyyət imkanlarımız daha da genişlənəcək və bütün regionu əhatə edəcək”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kahramanmaraş
Gənclərin İnkişaf və Karyera Mərkəzi ilin ilk yarısını uğurla başa vurub
BAMF-da vətəndaş cəmiyyəti təşkilatlarının BMT-də rolu barədə təlim keçirilib
Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO
Xocasəndə 20 yaşlı qızın binadan yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda iyul ayının pensiyaları ödənilib