×
A
A
A
Sazlamalar

Sosial Xidmətlər Agentliyi təlim keçirib

Bakı, 19 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən uşaqlar üçün sosial xidmət müəssisələrinin fəaliyyətində keyfiyyətin artırılması məqsədilə onlayn təlim təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edən təlim sosial xidmət müəssisələrində olan uşaqların öz ailələrinə reinteqrasiyası prosesi zamanı göstərilən sosial xidmətin keyfiyyətinin artırılması məqsədini daşıyıb.
Təlimə Agentliyin müvafiq strukturlarının əməkdaşları, regional filialların nümayəndələri, uşaq müəssisələrinin rəhbərləri, sosial işçilər və mentorlar qatılıblar.
Təqdimatlarda müəssisələrdə yaşayan uşaqların qiymətləndirilməsi, fərdi inkişaf planlarının hazırlanması və digər mühüm fəaliyyətlərlə bağlı nümunələr təqdim olunub. Uşaqların rifahı, onların ailə mühitində böyüməsinin təmin olunması və ümumilikdə qeyt-kipinq prosesinin effektiv təşkili alətlərinin əhəmiyyətindən danışılıb.
Təlim prosesində real nümunələr əsasında təhlillər və qarşılıqlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Cəmiyyət 2025-05-19 18:30:00