×
A
A
A
Sazlamalar

Azərbaycan İdman Akademiyasında növbəti karyera sərgisi təşkil olunub VİDEO

Bakı, 14 may, AZƏRTAC
Azərbaycan İdman Akademiyasında (ASA) gənclərin məşğulluğunu artırmaq məqsədilə tələbə və məzunlar üçün növbəti karyera sərgisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müxtəlif idman federasiyalarının, dövlət qurumları və təşkilatların, eləcə də akademiya ilə sıx əməkdaşlıq edən idman müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən ASA-nın rektoru Fuad Hacıyev sərginin sayca yeddinci dəfə təşkil olunduğunu xatırladıb. Bu sərgi gənclər üçün iş həyatına atılmaq, real təcrübə qazanmaq baxımından böyük fürsət yaradacaq. Rektor bildirib ki, tələbələr təhsil aldıqları müddətdə nəzəri və praktiki bacarıqlarını inkişaf etdirərək uğurlu karyera qura bilərlər.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə isə qeyd edib ki, sərginin əsas məqsədi tələbə və məzunların müəssisə və təşkilat nümayəndələri ilə birbaşa ünsiyyətinə imkan yaratmaq və onların işlə təmin olunmasına dəstək verməkdir.
Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Nümayəndələr təmsil etdikləri müəssisələrdəki vakansiya və təcrübə proqramları haqqında tələbə və məzunlara ətraflı məlumat veriblər. İş axtarışında olan gənclər isə şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət quraraq özlərinə uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.
Qeyd edək ki, əmək yarmarkasında ümumilikdə 49 işəgötürən tərəfindən 543 vakansiya təqdim edilib.

İdman 2025-05-14 12:43:00

Video