×
A
A
A
Sazlamalar

Muxtar respublikada Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə ekoloji aksiya keçirilib

Naxçıvan, 10 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun sol kənarındakı tut bağında tinglər suvarılıb, onlara aqrotexniki qulluq işləri aparılıb və dibçəkdə yetişdirilən tut tingləri əkilib.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev AZƏRTAC-a bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu, adını ölkəmizin tarixinə qızıl hərflərlə yazdıran şəxsiyyətdir. Onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Bu tədbiri keçirməklə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram, onun ideyalarına sədaqət bir daha nümayiş etdirilir. Diqqətə çatdırıb ki, “Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planını uyğun olaraq cari il ərzində muxtar respublikada 408 hektarda meşəsalma, meşəbərpa və yeni bağların salınması nəzərdə tutulub.
Qeyd edək ki, ötən il 1 hektarlıq həmin ərazidə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə tut bağı salınmışdı.

Regionlar 2025-05-10 16:52:00