Qazaxlı kümçülər tərəfindən barama istehsalı mövsümünə start verilib
Qazax, 10 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il artıq onuncu ildir Qazaxda ipəkqurdu bəslənilir.
Qazaxlı kümçülər tərəfindən artıq bir neçə gündür ki, barama istehsalı mövsümünə start verilib. Belə ki, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində barama yetişdirilməsi ilə əlaqədar Qax Damazlıq İpəkçilik stansiyasından 30 qutu ipəkqurdu toxumu gətirilərək qazaxlı kümçülərə paylanılıb. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 1200 kq yaş baramanın istehsalı nəzərdə tutulub. Rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə artıq ipəkqurdu toxumu təhvil verilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seymur Comərdov və Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov rayonun kəndlərində olub, ipəkqurdu toxumu paylanılmış kümçülərlə görüşərək ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıblar.
Kümçülər ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən tələb olunan bütün hazırlıq işlərinin görüldüyünü, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparıldığını, otaqların lazımi istiliklə təmin edildiyini, yem bazasının təmin olunduğunu vurğulayıblar. Kəndlərdə barama yetişdirən kümçülər cari ildə də mütəxəssislərin məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb