×
A
A
A
Sazlamalar

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Pekində qeyd edilib

Pekin, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların qatıldığı tədbirdə əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub.
Səfir Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb, böyük strateq və qlobal düşüncəli siyasi liderin Azərbaycanı tarixin ağır və sərt sınaqlarından çıxardığını, işıqlı sabahın etibarlı bünövrəsini qoyduğunu deyib.
Heydər Əliyevin Azərbaycanda dövlətçilik fəaliyyətindən danışan diplomat bildirib ki, Naxçıvan Muxtar Respublikanın Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılıb, həmçinin Heydər Əliyevin təklifi ilə Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub.
Qeyd olunub ki, 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan onu itirmək təhlükəsi qarşısında idi. Xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev müstəqilliyimizin bərpası kimi tarixi nailiyyəti məhv olmaqdan xilas edib. Ümummilli Liderin müdrikliyi, qətiyyəti, siyasi bacarığı və çoxillik idarəçilik səriştəsi ilə Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın həmrəyliyi və milli birliyi təmin edilib. Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın uğurlu xarici siyasətinin təməlini qoyduğunu diqqətə çatdıran B.Hüseynov ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alan, o cümlədən dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verən Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfər edərək önəmli görüşlər keçirdiyini, iki dövlət arasında sənədlərin imzalandığını deyib. Bildirilib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri də özünü əvəz edə biləcək siyasi varis yetişdirməsi idi. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən, güclü və nüfuzlu dövlətinə çevrilib.
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev Ulu Öndərin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə mədəniyyətimizin inkişafına, doğma dilimizin qorunmasına böyük diqqət yetirdiyini, Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi salınmasının bunun bariz nümunəsi olduğunu deyib. Bildirib ki, Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının əsas amalı olmalıdır.
Sonra Ulu Öndərin 1994-cü ildə Çinə səfərinə dair film nümayiş olunub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Siyasət 2025-05-10 15:58:00