×
A
A
A
Sazlamalar

Bakıda Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi keçirilir VİDEO

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Bakıda ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, konqresin əsas məqsədi neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaları tətbiq etmək və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra konqres işə başlayıb.
Konqresdə Azərbaycan Neyrocərrahlar Assosiasiyasının (ANEA) sədri Rövşən Xəlilzadə, TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, konqresin Təşkilat komitəsinin sədri Tural Rəhimli və Böyük Britaniyadan gəlmiş fəxri qonaqlar - həkim Andreas Demetriadis və Henri Marş çıxış ediblər.
Çıxış edənlər diqqətə çatdırıblar ki, Bakıda ilk dəfə tanınmış neyrocərrahların iştirakı ilə keçirilən konqres ölkə səhiyyəsində təbabətin bu sahəsində təcrübə və bilik mübadiləsini təmin etməklə yanaşı, mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinə və neyrocərrahiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına xidmət edəcək, innovativ yeniliklərdən, müasir çağırışlardan xəbərdar olmaqda və onlara uyğunlaşmaqda faydalı rol oynayacaq. Konqresin gənc mütəxəssis və rezidentlərin bilik və bacarıqlarını artırmaq üçün unikal bir platforma olduğuna əminlik ifadə edilib.
Panel iclasları ilə işini davam etdirən konqresdə “Kəllə əsası cərrahiyyəsi”, “Epilepsiya cərrahiyyəsi”, “Vaskulyar cərrahiyyə”, “Pediatrik neyrocərrahiyyə” və “Funksional cərrahiyyə” bölmələrində müzakirələr aparılıb.
Sabah konqres “Neyroonkologiya”, “Neyroanatomiya”, “Spinal cərrahiyyə” panelləri ilə işini davam etdirəcək.

Cəmiyyət 2025-05-10 10:17:00

Video