Serbiya və Rusiya prezidentləri enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
Belqrad, 10 may, AZƏRTAC
Moskvada faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə keçirilən paradda iştirak edən Serbiya Prezidenti Aleksandr Vuçiç ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşdə əsas müzakirə mövzusu enerji sahəsində əməkdaşlıq olub.
AZƏRTAC xəbər verir ki, görüşün təfərrüatları barədə məlumat verən Serbiya Prezidenti iki ölkə arasında yeni uzunmüddətli təbii qaz tədarükü sazişinin imzalanmasının nəzərdən keçirildiyini bildirib.
“Rusiya ilə yeni qaz sazişinin imzalanması Serbiya üçün həyati əhəmiyyət kəsb edir. Xüsusilə nəzərə alsaq ki, bizi qarşıda son dərəcə mühüm kapital və inkişaf layihələri gözləyir. Bunun üçün enerji təchizatının təhlükəsizliyini təmin etmək lazımdır”, - deyə Vuçiç sosial media hesabında qeyd edib.
Prezident, həmçinin bildirib ki, görüşdə Serbiyanın Avropa yolunda olduğu, lakin ənənəvi dostlarla münasibətləri qoruduğu da vurğulanıb. Bu, Serbiyanın həyata keçirdiyi ciddi və məsuliyyətli siyasətin əsaslarındandır.
Görüşdə qlobal geosiyasi proseslər, eləcə də Qərbi Balkan regionundakı vəziyyət, sülh və sabitliyin qorunması istiqamətində çağırışlar barədə fikir mübadiləsi aparılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Ukraynanın müdafiə naziri: Kiyev cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır
Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub
Andrey Yermak: Rusiya bu gün Ukrayna ilə aparılan danışıqları 2022-ci ilə bağlamağa çalışır
Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib