×
A
A
A
Sazlamalar

DİN-də Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 9 may, AZƏRTAC

Daxili İşlər Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin müasir tariximizə sabitlik, milli dövlət quruculuğu, inkişaf və müstəqilliyin möhkəmləndiyi dövr kimi həkk olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan tarixində keyfiyyətcə yeni mərhələlərin, milli inkişafı şərtləndirən fundamental islahatların sağlam təməllərini yaradan Ümummilli Lider demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu ölkənin əsas inkişaf yolu kimi müəyyənləşdirib və respublikamızı qlobal miqyasda nüfuzlu, etibarlı tərəfdaş kimi tanıda bilib.
Ölkə vətəndaşlarına gələcəyə inam yaratmaqla və onları milli mənafelər ətrafında sıx birləşdirməklə real müstəqilliyimizin möhkəm təməlini qoyan Heydər Əliyev bu təməllər üzərində dövlətçilik sütunlarını ucaldıb. Müstəqil Azərbaycanın tarixində yeni mərhələnin, böyük quruculuq dövrünün başlanması daxili işlər orqanlarının da fəaliyyətində öz əksini tapıb.
Nazir müavini qeyd edib ki, Ümummilli Lider tərəfindən respublikanın daxili işlər orqanlarında fəaliyyətin təşkilati-hüquqi bazasının möhkəm təməli yaradıldı. 1993-2003-cü illərdə onlarla qanun, fərman və sərəncam imzalandı, nazirlik sistemində islahatlar aparılaraq dövrün tələbinə uyğun yeni qurumlar təsis edildi.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri professor Ədalət Qasımov isə çıxışında Azərbaycanın gələcəkdə dövlət müstəqilliyini elan etməsi üçün real əsasların Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdığını deyib. Məhz onun Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.
Ə.Qasımov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən Ulu Öndər dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.
Daha sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “İz” sənədli filminə baxıblar.

2025-05-09 22:14:00