“Zenit”in azərbaycanlı futbolçusu: Ən böyük arzum İngiltərə və ya İspaniyada oynamaqdır – MÜSAHİBƏ
Bakı, 8 may, AZƏRTAC
Rusiyanın qadın futbolçulardan ibarət “Zenit” komandasında çıxış edən Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Rusiya Qadınlar Liqasında VIII turun rəmzi komandasına seçildiniz. Təəssüratlarınızı bölüşə bilərsiniz?
- Rusiyada həftənin rəmzi komandasına seçildiyim üçün sevincliyəm. Layiq olduğuma görə həmin siyahıda yer aldım. Çalışacağam ki, davamlı olsun.
- Ölkə xaricində karyeranız kifayət qədər uğurlu alınır. Bunun səbəbini nədə görürsünüz?
- Rusiyada karyeramın uğurlu olmasının səbəbi işimə həvəslə və istəklə yanaşmağımdır. Oyunlarda, məşqlərdə fərqli səylə çalışıram. Buna görə də hər şey uğurlu alınır.
- Bəzi azərbaycanlı futbolçular ölkə xaricində çox qala bilmirlər. Sizdə vəziyyət necədir?
- Azərbaycandan kənarda yaşamaq bəzən mənə də çətin olur. Çünki ailəmdən, ölkəmdən uzaq qalıram. Lakin futbolu çox sevirəm. Qarşıma böyük hədəflər qoymuşam və buna çatana kimi səbirli olacağam.
- "Zenit"lə olan müqaviləniz nə vaxt bitəcək? Sizə yeni sözləşmə təklif edilib?
- “Zenit”lə 2026-cı ilin dekabr ayına kimi müqaviləm var. Onlar mənə yeni sözləşmə təklif ediblər. Lakin hələlik cavab verməyə tələsmədiyimi və düşünəcəyimi demişəm. Sərfəli təkliflərim olsa, dəyərləndirə bilərəm.
- Daha neçə il ölkə xaricində oynamağı düşünürsünüz?
- Bu barədə nəsə demək çətindir. Futbola bağlıyam. Çox istərdim ki, Azərbaycanda qadın futbolu daha da inkişaf etsin və mən də gəlib öz ölkəmdə oynayım.
- Futbolçu kimi ən böyük arzunuz nədir?
- İngiltərə və ya İspaniyada oynamaq ən böyük arzumdur. Bu iki liqadan təklif gəlsə, mütləq dəyərləndirərəm.
- Hazırda "Zenit" Rusiya Qadınlar Liqasında 8 turdan sonra 17 xalla 13 komanda arasında 3-cü pillədə qərarlaşıb. Komandanızın çempionluq şanslarını necə qiymətləndirirsiniz?
- Bu mövsüm Rusiya çempionatında çıxış edən bütün komandalarda rəqabət var. Klubların səviyyəsi çox yaxşıdır. Hər oyun ağır keçir. Düşünürəm ki, bu il də çempionluq bizim olacaq. Ciddi hazırlaşırıq.
- Məlum səbəblərə görə Rusiya klubları avrokuboklarda iştirak edə bilmir. Bu hal sizə və kollektivə necə təsir edir?
- Üzücü məqamdır. Çempion olduğumuz halda avrokuboklarda oynaya bilmirik. Ümid edirəm ki, UEFA-nın Rusiya klublarına qarşı sanksiyası aradan qalxar və biz də beynəlxalq arenada oynayaraq inkişaf edərik.
Azərbaycanın çimərlik millisi İngiltərə yığmasını məğlub edib
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib