Xankəndidə iftar süfrəsi açılıb
Xankəndi, 25 mart, AZƏRTAC
Xankəndidə "Nargis" Fondu tərəfindən iftar çadırları qurulub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ramazan günləri ilə əlaqədar olaraq martın 25-dən 27-dək təşkil olunan iftar süfrəsində qonaqlara yüksəkkeyfiyyətli iftar menyusu təqdim edilir.
Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olacaq. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilir.
Xankəndi şəhərində "İftar çadırları" layihəsi "Port Baku" , "Unibank", "Kolin", "Coca-Cola" şirkətlərinin sponsorluğu ilə gerçəkləşib. Təşkilati dəstəyi isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyi verib.
Qeyd edək ki, "Nargis" Fondu tərəfindən "İftar çadırları" layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.
Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik
Ağstafada minik maşını daşa çırpılıb, xəsarət alanlar var
Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib
Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB