×
A
A
A
Sazlamalar

Hamburqda Novruz şənliyi təşkil olunub

Berlin, 25 mart, AZƏRTAC

Baharın gəlişi münasibətilə Almaniyanın Hamburq şəhərində Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Ana dili e.V” dərnəyinin təşkilatçılığı və onun həmtəsisçiləri Yousef Moini və Ali Abolhassaninin dəstəyi ilə keçirilən tədbirdə ən yaddaqalan məqamlarından biri Azərbaycan milli rəqsləri olub. İstedadlı rəqqaslar milli geyimlərdə səhnəyə çıxaraq, tamaşaçılara unudulmaz anlar yaşadıblar. Həm ritmik musiqi, həm də incə və zərif rəqslər tədbirə xüsusi ahəng qatıb.
Rəqslərlə yanaşı, canlı musiqi və ifalar da gecəyə xoş ovqat bəxş edib. Azərbaycan musiqisinin zəngin və melodik səsləri qonaqları bu qədim və rəngarəng mədəniyyətə daha da yaxınlaşdırıb.
Tədbirdə qonaqlara Novruz təamları ilə yanaşı, bu qədim bayramın minilliklərdən süzülüb gələn adət-ənənələri də təqdim olunub.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Mədəniyyət 2025-03-25 04:44:00