×
A
A
A
Sazlamalar

11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO

Salyan, 25 mart, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonundan olan 11 yaşlı Aylin Babayeva beşinci sinif şagirdi olmasına baxmayaraq, əldə etdiyi uğurları və istedadı ilə fərqlənir. O, iştirak etdiyi olimpiada və bilik yarışlarında 300-ə yaxın sertifikat, 50-ə yaxın medal və bir neçə kubokun sahibi olub. İndi 11 yaşlı istedadlı yeniyetmə Boston və Sinqapurda keçiriləcək beynəlxalq olimpiadalara hazırlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aylin Babayeva əslən Salyan rayonunun Çuxanlı kəndindəndir. Təhsilini isə Salyan şəhər 2 saylı tam orta məktəbdə alır. Əvvəllər də bir çox bilik yarışı və müsabiqələrdə iştirak edən Aylin 4-ci sinifdə oxuyarkən ilk dəfə beynəlxalq olimpiada və bilik yarışlarının da iştirakçısı olub. Qeyri-adi istedada malik Aylin əsasən olimpiadalarda riyaziyyat fənni üzrə biliyini sınayıb və uğurlu nəticələr əldə edib. Kenquru riyaziyyat, məntiq, TİMO-Türk international Olimpiada, İMO, WMTC, Lütfizadə adına olimpiadalarda, Zəfər kursları bilik müsabiqəsində, digər olimpiada və bilik yarışlarında riyaziyyat fənni üzrə yüksək nəticələrə nail olub.

Aylin 44 qızıl, 4 gümüş, 2 bürünc medalın sahibdir. Bundan başqa, bir neçə kubok qazanıb və 300-ə yaxın sertifikatla mükafatlandırılıb. Sonuncu dəfə 2024-cü il dekabrın 27-də Bakıda keçirilən yarışda 96 mümkün baldan 89 bal toplayıb.
"4-ci sinifdən artıq Beynəlxalq olimpiadalarda iştirak etməyə başladım. Əvvəllər İMO Olimpiadası var idi. Beynəlxalq riyaziyyat olimpiadası sayılır, orda iştirak edərək gümüş medala layiq görüldüm. Sonra isə Azərbaycanda ilk dəfə təşkil olunan WMTC, yəni Dünya Riyaziyyat Çempionatının seçim turunda iştirak etdim, orada da ikinci yeri tutdum. Daha sonra yenidən İMO olimpiadasında iştirak edərək gümüş, həmçinin SASMO olimpiadasında iştirak edərək gümüş medal qazandım. Ən sonda isə bir olimpiadada iştirak edərək 44 ölkə arasında ikinci yerə çıxmışdım. SASMO və İMO olimpiadasında seçim turlarını keçdikdən sonra Sinqapurda keçiriləcək final mərhələyə dəvət aldım. Sonuncu olimpiada 44 ölkə arasında keçirilirdi və həmin vaxt ikinci yerə sahib olaraq ABŞ-ın Boston şəhərində keçiriləcək final mərhələyə dəvət qazandım. Yay aylarında keçiriləcək yarışlarda Azərbaycanı Bostonda və Sinqapurda təmsil etməyə hazırlaşıram", - deyə Aylin bildirib.

Aylinin olimpiadalara hazırlaşmasında valideynləri ilə yanaşı, müəllimlərin də dəstəyi çoxdur. Aylinin müəllimi Fatmaxanım Şəndiyevə bildirir ki, Aylin təhsili ilə bərabər həm də qeyri-adi istedadı ilə çox fərqlənir. "Onun riyazi bilikləri dərslikdə olan bütün çalışmaları müstəqil surətdə həll etməyə imkan verir. Hər hansı çətin tapşırıq olmasına baxmayaraq tez qavrayır və yerinə yetirir. Hətta dərslikdə tədris olunmayan kitablarda olan məsələləri də müstəqil həll etmək bacarığına malikdir. Aylin birinci sinifdə oxuyan vaxtı daha yuxarı siniflərə aid olan yarışlara gedib. İkinci sinifdə oxuyan zaman, həmçinin yuxarı sinif dərsliklərindəki məsələləri də həll etmək üçün çalışaraq sual verirdi və ilk izahda məsələ və çalışmaların həllini tapırdı. Riyazi məntiqi güclü Aylin hətta sinif yoldaşlarına da məsələlərin həllində köməklik etməyi əsirgəmir", - deyə müəllim əlavə edib.
Gələcəkdə neyrocərrah olmağı düşünən Aylin dərslərini nizamlı oxumaqla yanaşı, Boston və Sinqapurda keçiriləcək riyaziyyat olimpiadalarına ciddi hazırlaşır.

Regionlar 2025-03-25 01:52:00

Video