×
A
A
A
Sazlamalar

Gürcüstanın Laqodexi rayonunda Novruz bayramı qeyd edilib

Tbilisi, 21 mart, AZƏRTAC

Novruz bayramı ilə əlaqədar Gürcüstanın Laqodexi rayonunun Qabal qəsəbəsində bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram şənliyinə Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazir Tea Axvlediani, Laqodexi meri Condo Mdivnişvili, bələdiyyə məclisinin sədri Kaxa Canburia və digər rəsmi şəxslər, eləcə də Qabal kəndi ilə qonşu olan digər Azərbaycan və gürcü kəndlərinin əhalisi iştirak ediblər.
Bayramla əlaqədar meydanda guşələr yaradılıb, Novruz atributları nümayiş olunub. Nazir və digər rəsmi şəxslər guşələrə baş çəkib, yumurta döyüşdürüb, paxlava və şəkərburanın dadına baxıblar.
Nazir Tea Axvlediani Novruz tonqalını alovlandırıb, xalqımıza bayram münasibətilə təbriklərini çatdırıb.
Tədbirdə ənənəvi güləş turniri keçirilib, qol güləşi və at yarışı təşkil olunub. Nazir və mer qaliblərə mükafatlar təqdim ediblər.
Marneuli Mədəniyyət Mərkəzinin rəqs ansamblının üzvləri Azərbaycan və gürcü xalq rəqslərini ifa ediblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mədəniyyət 2025-03-21 11:38:00