Könüllülərin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça Fest” keçirilib
Bakı, 20 mart, AZƏRTAC
Bakının Xətai rayonunda “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “Xonça Fest” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən festivalda 800 könüllü iştirak edib.
Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov gənclərin belə tədbirlərdə fəal iştirakının onların inkişafına müsbət təsir göstərdiyini bildirib. O, Gənclər Fondunun gənclərin təşəbbüslərinə və könüllülük hərəkatına daim dəstək verdiyini qeyd edib.
Sonra çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev Novruz bayramının xalqımız üçün birlik, həmrəylik və yenilənmə rəmzi olduğunu vurğulayıb. O, “Xonça Fest”in yalnız bir bayram tədbiri olmadığını, eyni zamanda, Azərbaycanın könüllülük hərəkatının güclənməsinə, gənclərin fəal vətəndaş kimi formalaşmasına və milli-mənəvi dəyərlərin yaşadılmasına töhfə verdiyini qeyd edib.
Festival çərçivəsində könüllülərin ifasında rəqs kompozisiyaları, müxtəlif çıxışlar təqdim olunub.
Bundan əlavə, iştirakçılar üçün hədiyyəli viktorinalar təşkil olunub.
Qeyd edək ki, festivalın keçirilməsinə “Coca-Cola Azərbaycan” da dəstək göstərib.
İğdırdakı Azərbaycan diasporunun nümayəndələri Aralıq rayonuna səfər ediblər
Hüseyn İşıksal: Prezident İlham Əliyev Şimali Kiprin hüquqlarının müdafiəsinə böyük töhfə verir
Sadıq Dadaşov Azərbaycan memarlığının parlaq səhifəsidir
Yer Günü ilə əlaqədar keçirilən festivalda 3500 litrə yaxın plastik butulka yığılıb YENİLƏNİB