×
A
A
A
Sazlamalar

“Uşaqların dünyaya alternativ baxışı” devizi altında “Alter Eco” sərgisinin açılışı olub

Bakı, 20 mart, AZƏRTAC

Martın 20-də İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “EkoSfera” Ekoloji-Sosial Mərkəzin birgə təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə “Alter Eco” sərgisinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, “EkoSfera” Ekoloji-Sosial Mərkəzin rəhbəri Firuzə Sultan-zadə və digər qonaqlar çıxış ediblər.
Açılış mərasimindən sonra iştirakçılar üçün ekoloji incəsənət və yaradıcılıq sahəsində master-klaslar təşkil olunub.
“Uşaqların dünyaya alternativ baxışı” devizi altında keçirilən “Alter Eco” sərgisi uşaq və gənclərin yaşıl gələcəyə dair alternativ baxış bucağını ortaya qoyaraq, dünyanın gələcəyini yeni perspektivdən görməyə dəvət edir. Sərgi baharın gəlişi və təbiətin oyanışını simvolizə edən Novruz bayramına həsr olunaraq, keçmiş və gələcək arasında bir körpü yaradan ekoloji və sosial mesajları özündə birləşdirir.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcılıq və ekoloji profilli dərnək üzvlərinin ekoloji mövzuda yaratdıqları 50-yə yaxın rəsm, heykəltəraşlıq və fotoqrafiya əsərləri sərginin əsas hissəsini təşkil edir. Həmçinin sərginin art və eko rəhbəri Firuzə Sultan-zadənin seçilmiş rəsm əsərləri tədbir çərçivəsində təqdim olunub.
Sərgi martın 21-də interaktiv master-klaslarla davam edəcək.

 

Cəmiyyət 2025-03-20 21:54:00