×
A
A
A
Sazlamalar

Tərtərdə keçirilən Novruz şənliyində xalqımızın qədim adət-ənənələri nümayiş olunub

Tərtər, 18 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Xalqımızın ən əziz bayramlarından olan Novruz Tərtər rayonunda böyük coşqu ilə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərinin Mərkəzi meydanında təşkil olunan bayram tədbirində rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülüb.
Bahar bayramının keçirildiyi meydana qədimi xalça-palaz sərilib, Novruz süfrəsi qurulub. Tədbir iştirakçıları Tarix-Diyarşünaslıq Muzeyinin təqdim etdiyi qədimi əşyalara, “Bahar” sərgisinə, ümumtəhsil məktəblərinin şagirdlərinin bahara, Novruza həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgilərə baxıblar.
Rayonun idmançılarının güləş, boks, kikboksinq üzrə nümunəvi çıxışları, kəndirbazların ifaları maraqla izlənilib. Novruza xas qədim adət-ənənələr nümayiş olunub. Müxtəlif təamlar - yuxa, kətə, qovurğa, aş, müxtəlif şirniyyatlar meydanda açılmış süfrələrə düzülüb, iştirakçılar yumurta döyüşüblər.
El ağsaqqalı Dədə Qorqud və Bahar qızı iştirakçıları salamlayaraq, onlara xeyir-dua verib, xoş arzularını bildiriblər. Milli paltar geyinmiş qızlar rəqs ediblər. Novruzun əvəzolunmaz personajları olan Keçəl və Kosanın çıxışları maraqla izlənilib. Meydanın mərkəzində Novruz tonqalı alovlandırılıb.
Çıxış edənlər iştirakçıları təbrik edib, onlara cansağlığı, ruzi-bərəkət, firavan həyat arzulayıblar.
Tədbirdə Bakı şəhərindən dəvət olunmuş tanınmış müğənnilərin ifaları və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı maraqla izlənilib.
Bayram tədbirində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup tərtərliyə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının fəxri fərmanları təqdim olunub.

Regionlar 2025-03-18 19:16:00