×
A
A
A
Sazlamalar

KOSMİK Akademiyanın rəhbəri: Qardaş Türkiyə ilə əməkdaşlıqda kosmik sahəni də önə çəkmək vacibdir

Ankara, 18 mart, AZƏRTAC

Qardaş Türkiyə ilə əməkdaşlıqda kosmik sahəni də önə çəkmək vacibdir. Bu baxımdan Azərbaycan gənclərinin Türkiyənin ASELSAN, HAVELSAN, TÜRKSAT və TUSAŞ kimi aparıcı sənaye obyektlərində təcrübə keçməsi və maksimum dərəcədə praktik biliklər əldə etməsi böyük əhəmiyyət kəsb edir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov səsləndirib.
Kosmik sənayenin geniş fəaliyyəti və ölkəmizə verdiyi fayda baxımından xüsusilə seçildiyini vurğulayan İ.Muxtarov rəhbərlik etdiyi KOSMİK Akademiyanın əsas məqsədinin milli kosmik ekosistemə töhfə, vətəndaş maarifçiliyi və kosmik diplomatiya vasitəsilə Azərbaycanın nüfuzunun daha da gücləndirilməsi olduğunu qeyd edib.
Azərbaycanda peşəkar kadrların və insan kapitalının inkişafına töhfə məqsədi ilə ərsəyə gələn layihə ilə bağlı məlumat verən İ.Muxtarov bildirib ki, bu proqram KOSMİK Akademiyanın təşkilatçılığı, Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi, eləcə də Azərbaycan Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə ərsəyə gəlib.
Azərbaycan gənclərinin kosmos, aerokosmos, texniki və innovasiya sahələrində bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə 14-19 mart tarixləri arasında keçirilən proqramın əhəmiyyətindən danışan KOSMİK Akademiyanın rəhbəri əmin olduğunu bildirib ki, təcrübə mübadiləsində iştirak edən tələbələr Vətənə döndükdən sonra Azərbaycan-Türkiyə qardaşlıq və əməkdaşlığı prizmasından ölkəmizin kosmik, aerokosmik, innovasiya və hərbi sahələrdə öz potensialının daha da gücləndirilməsinə töhfələrini verəcək.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2025-03-18 18:34:00