Nəriman Nərimanovun xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun vəfatından, eləcə də yeganə övladı Nəcəfə ünvanladığı “Bitməmiş məktub”u yazmasından bir əsr ötür...
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Nəriman Nərimanovun xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları N.Nərimanovun şəhərdəki abidəsini ziyarət edib və heykəlin önünə çiçək dəstələri düzüblər. Sonra tədbir muzeydə davam etdirilib.
Muzeyin direktoru Ləman Hüseynova rəhbərlik etdiyi məkanda görkəmli ictimai-siyasi və dövlət xadiminin irsinin yaşadılması naminə görülən işlərdən danışıb.
Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova N.Nərimanovun ömrünün mühüm hissəsinin qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdən keçməsindən, milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənəvi imkanlarının ən son həddinədək müdafiə etməsindən danışıb.
Tədbirdə ilk dəfə olaraq iştirakçılara N.Nərimanovun oğlu Nəcəfə və çox güman ki, onun simasında gələcək nəsillərə xitabən yazılmış “Bitməmiş məktub” əlyazmasının əsli təqdim edilib.
N.Nərimanovun və oğlu Nəcəfin həyatından bəhs olunan videoçarx da tədbir iştirakçılarının marağına səbəb olub.
İştirakçıların maraqlı düşüncə və rəyləri ilə davam edən tədbirdə keçmişimizi öyrənmək, tarixi şəxsiyyətlərimizin miras qoyub getdikləri zəngin irsdən doğru faydalanmaq fikri üstünlük təşkil edib.
Tədbirin sonunda muzeyin fonduna yeni daxil olan tədqiqat əsərləri, kitab, qəzet, jurnallar və N.Nərimanovun müxtəlif illərdə çəkilmiş portretlərindən ibarət sərgi nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, həmin akademiyanın dosenti, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova və N.Nərimanovun tədqiqatçısı, professor Teymur Əhmədovun oğlu Füzuli Əhmədov, Azərbaycan Milli Tarix Muzeyinin Beynəlxalq əlaqələrlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, həmin muzeyin Foto-neqativ fondunun müdiri Afət Kərimova, “Azərxalça” ASC-nin baş mühafizi, Əməkdar mədəniyyət işçisi Nailə Rəhimova, A.Şaiqin mənzil-muzeyinin müdiri Ülkər Talıbzadə, tələbələr, muzey fəalları, media nümayəndələri iştirak ediblər.
Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb
Teatrşünas Məryəm Əlizadənin 75 illiyi qeyd olunub
Qulu Məhərrəmli: Xəbər aparıcısı ilk növbədə yaradıcılıq laboratoriyasından keçməlidir