×
A
A
A
Sazlamalar

Binəqədidə “Continental” hotelinin fəaliyyəti dayandırılıb

Bakı, 17 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama nəticəsində obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusunun tam quraşdırılmadığı, zirzəmidən anbar kimi istifadə olunduğu və burada yanar materiallar saxlanıldığı, müəssisənin yanğın su hovuzu ilə təmin olunmadığı, odsöndürən balonlarla tam təmin olunmadığı və istifadəyə yararsız balonların tərkibinin yenisi ilə dəyişdirilmədiyi, elektrik təsərrüfatına profilaktik baxış keçirilmədiyi və müvafiq akt tərtib edilmədiyi, tüstü bacası təmizlənmədiyi, sonuncu mərtəbə ehtiyat çıxış qapısı ilə təmin olunmadığı, həyətdə taxta tullantılar yığıldığı, mətbəxdə quraşdırılmış qaz xəttində yivli birləşmələrdən istifadə olunduğu, təxliyə planı düzgün tərtib edilmədiyi, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmadığı və daşınmaz əmlak “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq sığorta olunmadığı aşkarlanıb.
Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edə bilər.
Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Continental” hotelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Cəmiyyət 2025-02-17 12:18:00