Afaq Şıxlı: Süni intellekt köməkçi alət ola bilər, lakin yaradıcılıq və dərin məna həmişə insan qəlbindən süzülüb gələcək - MÜSAHİBƏ
Moskva,14 fevral, AZƏRTAC
Afaq Şıxlı çoxşaxəli fəaliyyəti ilə seçilən, həm tibb, həm ədəbiyyat, həm də tərcüməçilik sahəsində böyük uğurlar qazanan soydaşımızdır. Afaq Şıxlı Azərbaycanda, Bakı şəhərində dünyaya gəlib. Əslən qazaxlıdır və uzun illərdir Moskvada yaşayır. Şeirləri, hekayələri və tərcümələri ilə ədəbiyyat dünyasında öz yerini tapan Afaq Şıxlı, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibi kimi Azərbaycan ədəbiyyatının təbliğinə böyük töhfələr verir. O, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Azərbaycan Jurnalistlər Birliyinin, Avrasiya, Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvüdür. Tərcüməçilik sahəsində ciddi fəaliyyət göstərən Afaq xanım müxtəlif dillərdə yazılmış əsərləri Azərbaycan və rus dillərinə tərcümə edərək oxuculara təqdim edir. Onun fəaliyyəti yalnız ədəbi mühitlə məhdudlaşmır – o, bir həkim kimi də insanlara yardım edərək humanist dünyagörüşünü daha da gücləndirir.
AZƏRTAC-a müsahibəsində Afaq Şıxlı yaradıcılığı, tərcüməçilik fəaliyyəti, ədəbi mühitdəki təcrübələri və gələcək planları barədə danışıb. O, həm yazıçı, həm də tərcüməçi gözü ilə dünyanı necə görür? Ədəbiyyatla təbabəti bir araya gətirmək nə dərəcədə çətindir? Bütün bu sualların cavabını elə özündən öyrənək.
– Sizin üçün uğur nə deməkdir? Yazıçı kimi özünüzü uğurlu hesab edirsinizmi?
– Uğur insanın həyatında mənəvi və peşəkar harmoniyanı tapmasıdır. Mənim üçün uğur yaratdığım əsərlərin oxucuya çatması, düşündürməsi və ona təsir etməsidir. Əgər sözlərim insanlara ümid, bilik və gözəllik bəxş edirsə, demək ki, uğur qazanmışam. Yazıçı olaraq uğurun nisbi bir anlayış olduğunu düşünürəm. Ədəbi yolumda müəyyən uğurlarım olsa da, daim yeni zirvələrə can atıram. Əgər yazdıqlarım oxucu qəlbində iz buraxırsa, onu düşündürür və ruhunu zənginləşdirirsə, bu, mənim üçün ən böyük uğurdur. Lakin hər yeni əsər mənim üçün həm də yeni bir imtahandır, ona görə də özümü tam uğurlu hesab etmək üçün hələ çox çalışmağa ehtiyacım var.
- Siz həm həkim, həm də yazıçısınız. Ədəbiyyata olan sevginiz necə yarandı? Sizi yazmağa nə ilhamlandırır?
- Ədəbiyyata olan sevgim, düşünürəm ki, doğuluşumla birlikdə mənə bəxş edilən bir duyğudur. Uşaq yaşlarımdan sözün sehri, kitabların sehrli dünyası məni özünə çəkib. Anamın oxuduğu nağıllar, atamın danışdığı elmi və həyat hekayələri, ailəmizin ədəbi və elmi mühitdə yetişmiş insanlardan ibarət olması – bütün bunlar məni ədəbiyyata doğru yönləndirən amillər idi. Daha sonra oxuduğum şeirlər, romanlar, tarixi əsərlər mənim dünyagörüşümü formalaşdırdı. Kitablar mənə təkcə bilik deyil, həm də insan ruhunun dərinliklərini anlamağı öyrətdi. Həkimlik peşəsində insanı duymaq, onun ağrılarını, sevincini və həyat hekayəsini başa düşmək çox vacibdir. İlhamı insan talelərində, tarixin izlərində və təbiətin səssiz mesajlarında tapıram. Eyni zamanda tarix, vətən sevgisi və keçmişin izləri də yazılarımda öz əksini tapır.
– Şeir və nəsr arasında seçim etmək lazım gəlsəydi, hansına üstünlük verərdiniz və niyə?
– Əgər şeir və nəsr arasında seçim etmək məcburiyyətində qalsaydım, bu nəsr olardı. Çünki şeir mənim üçün nəfəsdir, duyğularımın ən saf ifadəsidir, şeir zamanın və məkanın fövqündə dayanır. O bir göz qırpımında doğulan hisslərin, bəzən tək bir kəlmə ilə bütöv bir kainatı anladan gücün mənbəyidir. Amma nəsr də mənim üçün çox önəmlidir. Çünki insan talelərini, həyatın qaranlıq və işıqlı tərəflərini geniş miqyasda təsvir etməyə imkan yaradır. Hər iki janr mənim yaradıcılığımda özünəməxsus yer tutur.
– Yaradıcılığınızda hansı mövzular üstünlük təşkil edir? Oxucularınızdan aldığınız reaksiyalar sizi necə istiqamətləndirir?
– Yazılarımda həyatın ən fundamental mövzularına toxunmağa çalışıram: sevgi, insanın daxili dünyası, tale, vətən və zamanın amansız axarı. Oxucu reaksiyası yazar üçün bir aynadır. Hər bir fikir, hər bir hiss oxucunun sənin sözlərinlə necə nəfəs aldığını göstərir. Onlar mənim üçün təkcə sözlərimi oxuyanlar deyil, həm də o sözlərin içində yaşayanlardır. Onların reaksiyası mənə yazdıqlarımın necə bir səs-səda doğurduğunu göstərir. Hələ tənqid eşitmədiyim üçün özümü ərköyün şair hesab edirəm.
- Siz Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibisiniz. Burada Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı hansı işlər görürsünüz?
- Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibi kimi fəaliyyətim mənim üçün sadəcə bir vəzifə deyil – bu, ruhumun və vicdanımın missiyasıdır. Çünki ədəbiyyat təkcə yazı deyil, o milli kimliyimizin daşıyıcısı, tariximizin və ruhumuzun səsidir. Əsas məqsədim Azərbaycan ədəbiyyatını Rusiyada tanıtmaq və onun ədəbi mühitin bir hissəsinə çevrilməsinə nail olmaqdır. Bunun üçün kitab təqdimatları, poeziya gecələri, konfranslar təşkil edirik. Azərbaycan yazıçılarının əsərlərini rus dilinə tərcümə etməklə onların daha geniş auditoriyaya çatmasına çalışırıq. Çünki tərcümə bir mədəniyyəti digəri ilə tanış edən ən güclü vasitələrdən biri, xalqlar arasında körpüdür. Bundan əlavə, Moskvanın ədəbi dairələrində Azərbaycan yazıçılarını tanıtmaq, onların kitab təqdimatlarını, poeziya gecələrini, konfrans və simpoziumları təşkil etmək üzərində çalışırıq. Məqsədimiz Azərbaycan sözünü Moskva ədəbi mühitinin ayrılmaz bir hissəsinə çevirməkdir. Moskva Azərbaycan diasporunun da ədəbi-mədəni həyatında fəal iştirak edir. Gənc yazarlara da dəstək olmağa çalışırıq. Azərbaycan ədəbiyyatının səsini daha da gücləndirmək, onun varlığını böyük ədəbi məkanlarda eşitdirmək və gələcək nəsillərə sağlam bir ədəbi körpü qoymaq mənim üçün sadəcə bir vəzifə deyil, həm də qəlbimin, ruhumun borcudur.
- Rusiya oxucuları Azərbaycan ədəbiyyatına nə dərəcədə maraq göstərir?
- Onların Azərbaycan ədəbiyyatına marağı, əsasən, təqdimatın keyfiyyətindən və ədəbi əlaqələrin gücündən asılıdır. Rus oxucu dairələri tarixən bizim ədəbiyyatımızla tanışdır. Nizami, Füzuli kimi klassiklərimizdən başlayaraq, XX əsrin böyük nasirləri və şairləri – Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Səməd Vurğun, İlyas Əfəndiyev, Anar və digərləri rus dilinə tərcümə edilib və oxunub. Lakin müasir Azərbaycan ədəbiyyatının daha geniş təbliğinə ehtiyac var. Bunun üçün daha çox tərcümələr edilməli, ədəbi tədbirlər təşkil olunmalıdır. Rusdilli oxucular Şərq ədəbiyyatının fəlsəfi və poetik qatlarına maraq göstərirlər. Azərbaycan poeziyası bu baxımdan onlara doğmadır, sadəcə, onu daha geniş təqdim etmək lazımdır. Bu baxımdan, Azərbaycan ədəbiyyatının güclü lirik ənənələri, sufizmdən gələn dərin məna qatları və unikal üslubu rusdilli oxucuya yaxın və anlaşıqlıdır. Sadəcə, ədəbiyyatımızı daha geniş təqdim etmək lazımdır.
- Sizi tərcüməçiliyə gətirən əsas motivasiya nə olub? İlk tərcümə əsərinizin adı?
- Tərcüməçilik mənim üçün yalnız peşəkar fəaliyyət yox, həm də yaradıcı bir prosesdir. İlk tərcümə təcrübəm tibb sahəsinə aid olub. Hələ 17 yaşımda, Tibb İnstitutunun 3-cü kursunda oxuyarkən, qrup yoldaşlarımın imtahana hazırlaşmasına kömək etmək üçün İ.İ.Dedovun 400 səhifəlik endokrinologiya kitabını cəmi iki həftə müddətində Azərbaycan dilinə tərcümə etmişdim. O vaxt rayonlarımızdan gəlmiş bir çox tələbə rus dilində yazılmış tibbi ədəbiyyatı başa düşməkdə çətinlik çəkirdi və bu, mənim üçün sadəcə bir tərcümə işi deyil, həm də bir kömək missiyası idi. Sonralar ədəbi tərcüməyə başladım və burada mətnin yalnız informasiya dəyəri deyil, həm də estetik və emosional çalarları ilə işləməyin vacibliyini anladım. Əvvəllər əsasən rus ədəbiyyatından, eləcə də rus dilinə sərbəst tərcümə olunmuş müxtəlif xalqların ədəbiyyatından nümunələri Azərbaycan dilinə çevirirdim. Son illərdə isə əksinə, Azərbaycan poeziyasını rus dilinə tərcümə edirəm.
- Əsərlərin tərcüməsi zamanı müəllifin üslubunu və ruhunu qorumaq nə dərəcədə çətindir?
- Bu, böyük incəlik və ustalıq tələb edən bir prosesdir. Hər müəllifin öz üslubu və ritmi var, tərcüməçi isə bunu qoruyub başqa dildə eyni təbiiliklə çatdırmalıdır. Əsl sənətkar tərcüməçi müəllifin ruhunu qoruyur və onu başqa dildə yenidən yaşadır. Bu proses çətin, amma bir o qədər də maraqlıdır. Çünki həqiqi tərcüməçilik sadəcə mətn tərcümə etmək deyil, müəllifin duyğularını, fikirlərini yeni dildə oxucuya çatdırmaqdır.
- Müasir dövrdə süni intellekt və avtomatik tərcümə proqramları tərcüməçiliyə necə təsir edir? Siz onların gələcəyini necə görürsünüz?
- Bəlkə də süni intellekt və avtomatik tərcümə proqramları tərcüməçilik sahəsinə sürətli və asan həllər gətirə bilər. Lakin onlar heç vaxt insan tərcüməsinin yerini tam şəkildə əvəz edə bilməzlər. O, yalnız sözləri çevirir, amma onların arxasındakı mənaları, incəlikləri dərk etmir. Gələcəkdə süni intellekt tərcüməçilərə köməkçi alət ola bilər, lakin yaradıcılıq və dərin məna həmişə insan qəlbindən süzülüb gələcək.
- Azərbaycan ədəbiyyatının rus dilinə və ya başqa dillərə tərcüməsində hansı əsas problemlərlə qarşılaşırsınız?
- Azərbaycan dili poetik ifadələrlə, emosional çalarlarla və metaforalarla zəngindir. Bəzi sözlər və ifadələrin rus və ya digər dillərdə tam qarşılığı tapılmır. Xüsusilə, xalq deyimləri, atalar sözləri, klassik poetik üslub tərcümədə çətinlik yaradır. Tərcüməçi burada iki seçim qarşısında qalır: ya sözbəsöz tərcümə edərək orijinallığı qorumaq, ya da ekvivalent ifadə taparaq oxucuya təqdim etmək. Bəzi məqamlarda izahlı qeydlər əlavə etmək lazım gəlir ki, əsərin mənası tam anlaşıqlı olsun. Poeziya tərcüməsi xüsusi çətinlik yaradır. Çünki şeirlərdə yalnız məna deyil, həm də ritm, qafiyə və musiqi ahəngi qorunmalıdır. Azərbaycan poeziyasında beytlər, qoşmalar, təcnislər və digər milli formalar var ki, bunları eyni effektlə başqa dilə çevirmək çox çətindir. Buna görə də Azərbaycan ədəbiyyatının yüksək səviyyədə tərcümə edilməsi böyük məsuliyyət tələb edən bir prosesdir. Bu sahədə çalışan tərcüməçilər sadəcə dil biliklərinə deyil, həm də mədəniyyətlərarası əlaqələrə dərindən bələd olmalıdırlar.
- Gələcəkdə hansı yeni kitablar və ya layihələr üzərində işləməyi planlaşdırırsınız?
- Mənim üçün yazıçılıq və tərcüməçilik daim davam edən bir yol və axtarışdır. Həyatın mənasını, insan ruhunun dərinliklərini, sevgi və vətən duyğusunu daha dərindən anlamaq üçün yeni ideyalar üzərində işləməyə davam edirəm. Gələcək planlarım arasında həm nəsr, həm də poeziya sahəsində yeni əsərlər var. Yeni roman üzərində düşünürəm – bu, təkcə fərdi talelər yox, həm də bir dövrün ruhunu əks etdirən bir əsər olacaq. İnsanların daxili dünyası, onların seçimi, həyatın çətinlikləri və gözəllikləri bu kitabın əsas mövzularıdır. Şeirlərim isə həmişə mənim daxili dünyamın əks-sədasıdır. Tərcümə sahəsində də maraqlı layihələrim var. Azərbaycan ədəbiyyatını rus və digər dillərə, eləcə də dünya ədəbiyyatını Azərbaycan dilinə çevirmək istiqamətində işlərimi davam etdirirəm. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibi kimi ədəbiyyatımızın dünyada daha çox tanınması üçün yeni layihələr üzərində işləyirəm. Azərbaycan yazıçılarını xarici auditoriyaya təqdim etmək, ədəbi müzakirələr, tədbirlər və təqdimatlar təşkil etmək planlarım arasındadır. Oxucularla bu yeni əsərləri paylaşmaq və onların fikirlərini dinləmək mənim üçün ən böyük motivasiyadır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Nəriman Nərimanovun xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib
Şotlandiyada Novruz bayramı qeyd olunub
Tarixçi alim: Nəriman Nərimanovun nakam arzuları - “Bitməmiş məktub”un sirrində öz əksini tapıb
“Bir sual, bir cavab”: Novruz xatirələri - Firəngiz Mütəllimova VİDEO
“Bir sual, bir cavab”: Novruz xatirələri - Hikmət Babaoğlu VİDEO