ADAU-da Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunan regional konfrans keçirilib
Gəncə, 14 fevral, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Ağsaqqallar Şurası Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusuna həsr edilmiş regional konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda ölkəmizin Qərb bölgəsi – Gəncə, Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, o cümlədən Kəlbəcər rayonları üzrə Azərbaycan Ağsaqqallar Şurasının, Qərbi Azərbaycan İcmasının, YAP-ın və gənclər təşkilatlarının üzvləri, ağsaqqallar, ziyalılar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən söz açıb. Ağsaqqalların gənclərlə apardığı işləri yüksək qiymətləndirərək bildirib ki, günümüzün aparıcı qüvvəsi olan gənclərlə birlikdə ağsaqqalların Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştirakı mühüm əhəmiyyət kəsb edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən regional konfransı Qərbi Azərbaycana qayıdış istiqamətində növbəti uğurlu addım hesab edərək, ölkəmiz üçün əhəmiyyətli olan bu işə hər vətəndaşımızın dəstək verməsinin zəruriliyini vurğulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın Qərb regionu üzrə kuratoru Bayram Yusifov Ümummilli Lider Heydər Əliyev tərəfindən hər zaman prioritet və aktual hesab edilən Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin bu gün öz uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdiyini vurğulayıb. Qeyd edib ki, dövlət başçısının böyük diqqət ayırdığı bu məsələdə ağsaqqallar və gənclər də bütün imkanları ilə yaxından iştirak etməli, xüsusilə informasiya müharibəsində üstünlük qazanmalı, Qərbi azərbaycanlıların haqq səsini beynəlxalq aləmə çatdırmalıdırlar.
Regional konfransda çıxış edənlər yüz minlərlə Qərbi azərbaycanlının haqlarının bərpası və onların öz ata-baba yurdlarına qayıdışının həyata keçirilməsi üçün böyük işlər görüldüyünü vurğulayıblar. Qeyd ediblər ki, öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurd-yuvalarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə hər bir təşkilat, hər bir vətəndaş əlindən gələni etməlidir.
Tədbirin sonunda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Gəncə Şəhər Ağsaqqallar Şurası tərəfindən səmərəli fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə fəxri fərmanla təltif olunub. Həmçinin Gəncə Şəhər Ağsaqqallar Şurasının qadın üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.
Lənkəranda bıçaqlanan 41 yaşlı qadın ölüb
Şuşada əyləncəli bayram tədbiri keçirilib
Şəkidə 4 otaqlı ev yanıb, qonşu mənzillər mühafizə olunub
Baharın gəlişi Qəbələdə bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub
Ağdərə və Xocalıda İlaxır çərşənbə sevinclə qarşılanıb VİDEO