×
A
A
A
Sazlamalar

MDU-da müəllimlərin pedaqoji və psixoloji biliklərini inkişaf etdirmək məqsədilə təlimlərə başlanılıb

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin təşkilatçılığı ilə Pedaqogika və psixologiya kafedrasının iki gün davam edəcək 4 modullu təlimlərinə start verilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, təlimlərin təşkil olunmasında məqsəd müəllimlərin pedaqoji və psixoloji biliklərini inkişaf etdirmək və müasir təlim metodları ilə tədris prosesini daha interaktiv və effektiv etməkdir.
Təlimlərin birinci günündə MDU-nun təcrübəli müəllimləri Könül Cabbarova və Ülviyyə Verdiyeva təlimçi qismində iştirak ediblər. Könül Cabbarova “Təlim metodlarının və üsullarının tətbiqi” mövzusunda çıxış edib. Ülviyyə Verdiyeva isə “İnnovativ, yaradıcı və interaktiv metod və texnologiyalardan istifadə” mövzusunda təqdimat edib.
Təlimlərin sonunda iştirakçılar yeni təlim metodları və yanaşmalar barədə dərin biliklər əldə edərək öz tədris təcrübələrini zənginləşdirmək və müasir təlim prinsipləri ilə tanış olmaq imkanı qazanıblar.

Elm və təhsil 2025-02-13 19:17:00