“Bəylikdən cahan dövlətinə Osmanlılar” kitabı Türkiyədə nəşr olunub
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizovanın həmmüəllif olduğu “Bəylikdən cahan dövlətinə Osmanlılar” adlı ikicildlik əsər Türkiyə Elmlər Akademiyası tərəfindən nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsərdə Osmanlı bəyliyinin siyasi, mədəni, ictimai və dini tarixi təfsilatlı şəkildə təhlil olunur, bəylik quruluşundan imperatorluğa gedən yol müxtəlif aspektlərdən araşdırılır.
Dosent Elnurə Əzizova kitabın “XIV-XV əsr səyyahlarının gözü ilə Anadolu bəyliklərində sosial-iqtisadi həyat: Osmanlı bəyliyi nümunəsində” adlı fəslinin müəllifidir. Fəsildə avropalı və müsəlman səyyahların səyahətnamələri nümunəsində XIV-XV əsrlərdə Osmanlı bəyliyinin sosial-iqtisadi həyatı tədqiq olunur. Sözügedən hissədə, həmçinin səyyahların türklərin adət-ənənələri, Osmanlı bəyliyində ictimai struktur, müsəlmanların qeyri-din mənsubları ilə birgəyaşayışına dair məlumatları təhlil olunur.
Fəsildə qadınların cəmiyyətdəki mövqeyinə dair səyyahların qeydlərinə xüsusi diqqət vurğulanır, türk cəmiyyətində onların köçəri və oturaq həyat tərzinə sosial təsiri üzərində durulur.
Osmanlı tarixinin ilk dövrlərinə dair yeni məlumatlar təqdim və tədqiq edən ikicildlik əsər bu sahədəki elmi ədəbiyyata mühüm töhfə sayılır.