×
A
A
A
Sazlamalar

BSU-da “Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans və Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin açılışı baş tutub

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Bakı Slavyan Universitetində (BSU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans və Qərbi Azərbaycan Elmi Tədqiqat Mərkəzinin rəsmi açılışı baş tutub.
AZƏRTAC xəbər verir ki, iştirakçılar öncə BSU-nun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzi ilə tanış olublar. Açılış mərasimində BSU-nun rektoru Anar Nağıyev Mərkəzin 2024-cü ildə təsis edildiyini söyləyərək, qonaqlara rəsmi açılışda iştiraklarına görə təşəkkürünü bildirib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri açan BSU-nun rektoru Anar Nağıyev universitetin elmi-tədqiqat fəaliyyətində Qərbi Azərbaycan məsələsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışlarına istinad edərək, A.Nağıyev bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaqda ali təhsil müəssisələrinin rolunun əhəmiyyətini qeyd edib. Rektor BSU-da Qərbi Azərbaycanın milli-mədəni irsinin tədqiqi sahəsində işlərə xüsusi önəm verildiyini bildirərək, son illərdə bu sahədə həyata keçirilən təşəbbüslər, aparılan tədqiqatlar və əməkdaşlıqlar barədə ətraflı məlumat verib. A.Nağıyev universitetdə Qərbi Azərbaycan irsinin təbliği məqsədilə stimullaşdırıcı mexanizmlərin mövcudluğunu, müxtəlif elmi tədbirlərin təşkil edildiyini, müvafiq seçmə fənlərin tədris proqramlarına daxil edildiyini, elmi nəşrlərin hazırlandığını və tədqiqat istiqamətlərinin genişləndirildiyini diqqətə çatdırıb. BSU-nun elmi-tədqiqat strategiyasına toxunan rektor, Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin təsis edilməsinin mühüm hadisə olduğunu bildirib.
Çıxışı zamanı rektor A.Nağıyev Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Qərbi Azərbaycan Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Mərkəzin təqdim etdiyi davamlı metodoloji dəstəyi yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Naxçıvan Dövlət Universiteti ilə bu istiqamətdə həyata keçirilən birgə tədbirlərin və tədqiqatların vacibliyini vurğulayan rektor, bu kontekstə adıçəkilən universitetlə əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edib. Rektor bildirib ki, Qərbi Azərbaycan tədqiqatlarının müxtəlif dillərə tərcümə edilməsi, beynəlxalq tədbirlərdə təqdim olunması, xarici tərəfdaş universitetlər ilə birgə tədbirlərin təşkili məsələləri də universitetin gələcək planları arasındadır.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov nazirlik tərəfindən Qərbi Azərbaycana həsr olunmuş tədbirlərin geniş miqyasını və əhəmiyyətini vurğulayıb. O, təhsilin bütün pillə və səviyyələri üzrə nazirliyin fəaliyyətini diqqətə çatdıraraq, bu istiqamətdə Qərbi Azərbaycan İcması ilə əməkdaşlığın yüksək səviyyədə həyata keçirildiyini qeyd edib. F.Qurbanov əvvəlki dövrlərdə müvafiq tədqiqatların yetərli səviyyədə aparılmadığını bildirərək, hazırda ali təhsil müəssisələrinin, tədqiqatçıların və alimlərin bu sahədə oynadığı mühüm rolu xüsusi qeyd edib. Həmçinin nazir müavini BSU-nun Qərbi Azərbaycana dair tədqiqatların müxtəlif dillərdə toplanması, universitet kitabxanasının zənginləşdirilməsini, yerli müəlliflərin əsərlərinin müxtəlif dillərə tərcüməsi və geniş ictimaiyyətə çatdırılması, eləcə də xarici tərəfdaş universitetlərlə əməkdaşlıq çərçivəsində konfransların, simpoziumların və digər elmi tədbirlərin keçirilməsi istiqamətlərində fəaliyyətini qeyd edib.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli BSU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və icma tərəfindən bu sahədə zəruri materialların mərkəzə təqdim ediləcəyini bildirib. Ə.Ələkbərli, həmçinin Elm və Təhsil Nazirliyi ilə sistemli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, maarifləndirici tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib və əsas məqsədlərdən birinin tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması olduğunu bildirib.
Digər çıxış edənlər Qərbi Azərbaycan həqiqətlərinin müxtəlif dillərə tərcümə olunması və bu mövzuda məlumat bazalarının yaradılmasının vacibliyini qeyd ediblər. Onlar belə tədbirlərin təkcə ölkə daxilində deyil, eyni zamanda, beynəlxalq səviyyədə keçirilməsinin əhəmiyyətini vurğulayaraq, mədəni irsin qorunması istiqamətində gənclərlə aparılan işlərin zəruriliyini diqqətə çatdırıblar. Həmçinin bu sahədə fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzinin əhəmiyyətini qeyd ediblər.
Konfrans çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı dosent Könül Həsənova tədqiqatçı Cəlal Allahverdiyev ilə birlikdə ərsəyə gətirdiyi “Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi” kitabı barədə geniş məlumat verib, kitabın BSU-da ətraflı müzakirəsinin təşkil edilməsi qərara alınıb.
Konfrans elmi diskussiyalar və geniş müzakirələrlə davam edərək, yekunlaşdırılıb.

Elm və təhsil 2025-02-13 18:19:00