×
A
A
A
Sazlamalar

Yasamal rayon kitabxanasında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar stend və kitab sərgiləri hazırlanıb

Bakı, 11 fevral, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı stend və kitab sərgiləri hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, stenddə dövlətimizin başçısının respublikamızda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamı, Ümummilli Lider Heydər Əliyevin ölkə Konstitusiyasının hazırlanması prosesinə rəhbərlik etməsi və Prezident İlham Əliyevin müstəqillik haqqında fikirləri yer alıb.
Stenddə dövlətimizin Əsas Qanunu olan Konstitusiya haqqında məlumat verilib. Bildirilib ki, dövlət suverenliyi bilavasitə cəmiyyətin sabitliyi və bütövlüyünün müəyyən edilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli təmininə, şəxsiyyətin inkişafına yardım göstərir.
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və 2, 3 və 4 nömrəli kitabxana filiallarında kitab sərgiləri də təşkil olunub.
Sərgilərdə Prezident İlham Əliyevin Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamı, Azərbaycan Respublikasının Konstitusiyası, dövlət müstəqilliyi, suverenlik, Ulu Öndərin xidmətləri və dövlətçilik təcrübəsini, Prezidentin fəaliyyətini əks etdirən, habelə AXC-nin tarixi haqqında kitablar nümayiş olunub.

Mədəniyyət 2025-02-11 11:30:00