×
A
A
A
Sazlamalar

Rəna İbrahimbəyova: Kəlağayı ornamentlərinin işlənməsinin dərin mədəni kökləri onu daha da unikal edir - MÜSAHİBƏ

Bakı, 10 fevral, Anara Axundova, AZƏRTAC
Azərbaycanın ənənəvi yaylığı olan kəlağayı qədimlərdən günümüzədək gəlib çatıb. Nənələrin sandığından çıxan bu ipək baş örtüyü getdikcə daha çox müasir qadınların gözəllik simvoluna çevrilir. Onun sürətli “dirçəlişi” təkcə Azərbaycanda deyil, xaricdə də dəb həvəskarlarının ürəklərini fəth edir. Aksesuar qəlibindən, qarderob detalından da çıxaraq daha çox əhəmiyyət qazanan kəlağayı, həm də bir sənətkarlıq əsəri, adət-ənənələrin təcəssümü, tariximiz, irsimiz və gələcəyimizdir.
Professor, fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasının müdiri, kəlağayı sənətinin bütün dünyada tanınmış mütəxəssisi və təbliğatçısı, Basqalda İnteraktiv Kəlağayı Muzeyinin təsisçisi, “Kəlağayı” kitabının müəllifi Rəna İbrahimbəyova AZƏRTAC-ın müxbiri ilə söhbətində bu milli simvolumuz haqqında danışıb.


- Rəna xanım, elmi marağınızı kəlağayıya necə yönəltdiniz?
- Bu, təəccüblü şəkildə baş verdi. Maraq gender məsələlərinin öyrənilməsi ilə əlaqədar yaranmışdı. 1997-ci ildə Pekində gender yanaşmasının əsaslarının formalaşdırıldığı Qadınların IV Ümumdünya Konfransından sonra Azərbaycanda gender amilinin inkişafı ölkə rəhbərliyi tərəfindən yaxşı dəstək aldı. Mən o vaxt Nazirlər Kabinetində işləyirdim, BMT-nin İnkişaf Proqramının və Azərbaycan hökumətinin gender layihəsinin koordinatoru təyin edilmişdim. Layihə 3 il davam etdi və uğurlu oldu. Başa çatdıqdan sonra BMT-nin Bakı ofisi qarşıya bu layihənin soydaşlarımızın və cəmiyyətin həyatına necə təsir edəcəyini göstərmək vəzifəsini qoydu.
Biz gender ideyalarının ən dolğun və canlı şəkildə təcəssüm oluna biləcəyi sahəni axtarmağa başladıq. Həyatımızın tarixini, bugünkü vəziyyətini vərəqləyib kəlağayının üzərində dayandım. O vaxtlar bu baş örtüyü artıq mağazalarda yox idi və ümumiyyətlə, çox da xatırlanmırdı. Kəlağayılar ancaq bizim rəssamların rəsmlərində olub, nənələrimiz tərəfindən sandıqlarda saxlanılıb... Mən bu məsələni öyrənməyə başladım, vaxtilə ipəkçiliklə, kəlağayı istehsalı ilə bağlı olan adamları tapdım. Məlum oldu ki, artıq Azərbaycanda ipək istehsal olunmur. Bütün fabriklər (onların çoxu ölkənin hər yerində var idi) qalır, sənətkarlar keçmiş SSRİ-nin müxtəlif guşələrinə hər hansı bir iş axtarışındadırlar.


Belə bir şəraitdə və hətta məhdud maliyyə ilə layihəyə başlamaq (bizə tələb olunanın beşdəbir hissəsini ayırmışdılar, ümid özümüzə qalmışdı) çətin idi. Axı bu istehsalı sıfırdan təşkil etmək lazım idi: barama yetişdirmək - bu, yeri gəlmişkən, mövsümi prosesdir, - onları qurutmaq, düzgün saxlamaq, açmaq və bunu lifi qırmadan etmək lazım idi. Sonra iplik əyirmək, ondan sap düzəltmək, sapdan “xam” parça toxumaq, daha sonra bişirmək, bəzəmək, rəngləmək və düzgün şəkildə bükmək gərəkdir. Bu hazır məhsul kəlağayı adlanacaq. Kəlağayı hazırlamaqda sadalanan bütün mərhələlərdə ev təsərrüfatının bütün üzvləri - istər qadınlar, istərsə də kişilər işləməli, eyni zamanda, bir-biri ilə ziddiyyət təşkil etməməli, bir-birinə hörmət etməlidir. Daha sonra iki ay ərzində sərf olunan səylər yüzqat bəhrəsini verəcəkdir. Əldə olunan gəlir ailəni aylarla maliyyə ilə təmin edəcək. Gördüyünüz kimi, bu sənətkarlığın iş prinsipləri gender yanaşmasının əsaslarına tam uyğundur.
Burada iki şərt var idi: layihə bir il davam etməli və sonra özünü təminetmə prinsipi ilə mövcud olmalı idi. Bütün şərtlərə əməl etmək çətin idi. Amma təəccüblüdür ki, mən problemi dərindən araşdırdıqca, bunu etmək istəyi bir o qədər güclənirdi. Təbii ki, bu işlərin hamısını görə bilməzdim. Ancaq ən kritik anda ərim köməyimə gəldi. Hər şeyi birlikdə etdik. Mən bir anlıq layihədən imtina etmək istəyəndə, o, mənə bunu etməyə icazə vermədi, çünki məndən daha çox maraqlanırdı.


- Belə çıxır ki, siz kəlağayı istehsalını mahiyyətcə dirçəltdiniz?
- Bəli. Etnomədəni köklərə malik əl işi kimi. Azərbaycanda qədim zamanlardan ipəkçiliklə məşğul olublar. Bu prosesdə kiçikdən-böyüyə bütün ailə üzvləri iştirak edirdi. Evlərdə yerləşən hər ölçüdə emalatxanalarda edilən kəlağayı istehsalı həm də ailə sənəti olub, onun sirləri nəsildən-nəslə ötürülüb. Sonrakı dövrlərdə fərdi şəxslərə məxsus ipək-toxuculuq fabrikləri yarandı. Bir qayda olaraq, onların nəzdində kəlağayı sexləri yaradılırdı.
Sovet İttifaqında ipəkçilik kifayət qədər inkişaf etmiş, sənaye miqyasına çatmışdı. İpəkçiliyin məşhur tətbiqləri ilə yanaşı, bu materialdan strateji məqsədlər üçün də istifadə olunurdu. Həmin dövrdə Azərbaycanın bir çox bölgələrində ipək fabrikləri, kəlağayı sexləri fəaliyyət göstərirdi.
Hazırda Azərbaycan dünyada ipəkçiliyin tamamilə unikal olduğu on bir ölkədən biridir. Bu, xüsusən də kəlağayı istehsalı ilə bağlı şöhrət qazanmış “basmanaxış” texnikasına aiddir.
İpəkdən çoxlu məmulat əldə edə bilərsiniz. Sovet dövründən əvvəlki vaxtlarda öz ipəyi ilə məşhur olan Azərbaycanda 30-a yaxın ipək parça toxuyurdular. Bizə onların cəmi 4-5 növü gəlib çatıb ki, bunlardan biri də kəlağayı məmulatının toxunmuş əsası olan kəlağayı ipəyidir. Yeri gəlmişkən, sənət tarixində kəlağayıların hazırlanması ilə bağlı təsvirlər çox azdır. Görünür, onun istehsalı gizli saxlanılıb.


- Kəlağayı istehsalının xüsusi sahə olduğunu deyə bilərikmi?
- Sözsüz ki, bu, çoxşaxəli sahədir. Bu isə kəlağayı anlayışının formalaşdırılması ilə sübut edilib. Birincisi, kəlağayıçılığın əsası olan ipək istehsalı bir tərəfdən sırf kənd təsərrüfatı, digər tərəfdən sənaye sahəsidir. Bundan əlavə, kəlağayıların ornamenti, rənglənməsi və kompozisiya həlli bilavasitə sənət və yaradıcılıqla bağlıdır, üstəlik, naxışlara və onların elementlərinə verilən məna və hisslər nəsillərin metafizik təcrübəsinin nəticəsi olmaqla bərabər, həm də mənəvi dəyərlər aləmini təşkil edir. Psixoloji baxımdan kəlağayı ustadın ruh halını çatdırır, şəxsiyyətlərarası münasibətləri tənzimləyir, sakitləşdirir və müsbət hisslər yaradır. Bundan əlavə, məsələn, barama saxlamağın psixoloji komponenti var: kəlağayı ustaları deyirdilər ki, barama yetişdirərkən müəyyən dərəcədə “düzgün” davranmaq, yəni namuslu, səmimi, hörmətli olmaq lazımdır. Əks halda, hiyləgər olsanız, baramalar siçanlar tərəfindən zədələnəcək. Siçanlar barama içərisində olan pupu sevirlər. Kəpənəyin uçduğu yerdə dişləri ilə baramanı dişləyərək pupu çıxarırlar. Onları açarkən, dişlənmiş barama ipləri qısa olur və onlarla heç nə etmək olmaz. Beləliklə, bütün barama ehtiyatı itirilir...


- Rəna xanım, bunu necə izah edərsiniz?
- Hələ ki, heç nə ilə... Parapsixologiyadır. Bundan əlavə, kəlağayı nümunələri sistemlidir, onlar dünyanın ən yüksək bilik səviyyələrinə çatan mənaları ehtiva edir; ipək və kəlağayı istehsalı ilə məşğul olan, arxasında nəsillər boyu ustad əcdadları olan ustalarla xeyli söhbətlər apardıq, çox maraqlı, tamamilə gözlənilməz psixoloji kəşflər etdik. Sanki, sadə, təsadüfi tərtib edilmiş ornamentə baxırsınız - amma belə deyil, o, elementar münasibətlərin ciddi sisteminə tabedir. Yaxud daha bir fakt: kəlağayım utilitar və estetik funksiyalarla məhdudlaşmır, sosial qarşılıqlı təsir proseslərinə daxil olur. Bu koddur və tamamilə aydındır. Kəlağayı etnomədəni markerdir və eyni zamanda, universaldır, müxtəlif mədəniyyətlərin nümayəndələrinin ən effektiv şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verən xüsusiyyətlərə malikdir.


- Kəlağayı bir rəmz kimi ölkəmiz üçün nə dərəcədə əhəmiyyət kəsb edir?
- 2014-cü ildə kəlağayı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu çox mühüm hadisə Mehriban xanım Əliyevanın sayəsində baş verdi. Bu tədbirdə kəlağayıların həm ölkə, həm də dünya mədəniyyəti üçün əhəmiyyəti vurğulandı. Maraqlıdır ki, kəlağayı maddi obyekt olsa da, Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Niyə? Məhz ruhuna, semantikasına və estetik qanunlarına görə. Görünür, burada yeni heç nə yoxdur: ipək Çində, “qaynar batik” texnologiyası İndoneziyada icad edilib, kəlağayı ornamenti və onun mənaları Azərbaycanda yaradılıb. Onların dərin mədəni kökləri var və buna görə də tamamilə unikaldır. Məhz buna görə də UNESCO-nun Reprezentativ Siyahısına təkcə “kəlağayı” deyil, “kəlağayı sənəti, onun istehsal və geyilmə ənənələri” daxildir.


Təkrar edirəm ki, 2000-ci illərə qədər kəlağayının müasir Azərbaycan qadınlarının həyatında praktiki olaraq heç bir rolu olmayıb. Bu gün isə kəlağayıları hər yaşda, şəhərdə və kənddə, istənilən tədbirdə qadınların üzərində görmək olar. Sinif otağına girib maraqlı və sevgi ilə kəlağayı bağlayan tələbələri görürəm. Konsertə gələndə və ya, sadəcə, parkda gəzəndə, şübhəsiz ki, indi dəbdə olan aksesuar - kəlağayı örtmüş modapərəstlərlə qarşılaşacaqsınız.
Bu amil təsadüfdürmü? Mən belə düşünmürəm. Daha doğrusu, milli geyimin bu qədim atributunun populyarlaşdırılması istiqamətində aparılan məqsədyönlü işin nəticəsidir, kəlağayıların utilitar-estetik funksiyalarından heç də zəif, bəlkə də güclü olmayan simvolik, semantik xüsusiyyətlərini üzə çıxarmaq istiqamətində görülən işlərin nəticəsidir. Bu barədə məqalələr yazılıb, televiziya verilişləri olub, konfranslarda çıxışlar bu mövzuya həsr edilib. Dünyanın 17 ölkəsində kəlağayı üzrə sərgilər, təqdimatlar, ustad dərsləri keçirilib. Turistlər Basqaldakı İpək Mərkəzimizə gəlir, məhsulların gözəlliyinə baxır, heyran olur və bu ornamentlərdə özünəməxsus, doğma bir şey tapırlar. Çünki kəlağayı ornamentlərinin çoxu universaldır.
İnsanlar öz aralarında və mədəniyyətlər arasındakı fərqlərə diqqət yetirməyə meyillidir və hər kəs unikal olmaq istəyir. Amma hamımız insanıq. Nə qədər ortaq cəhətlərimiz var? Düşündüyümüzdən də çoxdur. Bunu ornamental kəlağayı mükəmməl şəkildə nümayiş etdirir.


- Rəna xanım, Basqalda muzey açmaq ideyası necə yarandı?
- Basqalda haranı qazsan, kəlağayı ilə bağlı nəsə taparsan. Sınıq, çürük və ya, sadəcə, başa düşülməz bir əşyanı atmaqdan çəkinmirsiniz. İnsanlar ərazidə qazıb qəflətən paslanmış metal qalaya (“basmanaxış” texnikasında kəlağayın ipək səthinə naxış vurulan formalar, ştamplar – red.) və ya çürük taxta qəlibin bəzi hissələrinə, kəlağayı istehsalında istifadə olunan digər elementlərə rast gəlirlər. Odur ki, sakinlərdən heç nəyi atmamağı, onları İpək Mərkəzinə gətirməyi xahiş etdik. Beləliklə, biz qədim dəzgahı yığdıq, həm də kəndləri gəzdik, çatışmayan hissələri axtardıq, kəlağayıların necə hazırlanması barədə öz biliklərini bölüşən yaşlı insanlarla söhbət etdik və onun istifadə xüsusiyyətlərindən danışdıq. Beləliklə, böyük miqdarda material toplamaq mümkün oldu. Bundan əlavə, biz ziyarətçilərə istənilən mərhələdə kəlağayı hazırlamaq prosesində iştirak etmək və daha çox, məsələn, ipəyin üzərinə ornament tətbiq etmək imkanı təşkil etdik. Beləliklə, muzey interaktiv oldu. 2012-ci ildə Kəlağayı Muzeyi, 2015-ci ildə isə bütövlükdə Kəlağayı Konsepsiyası formalaşdırılıb. Amma bu ayrı bir hekayənin mövzusudur.


- Kəlağayı ilə müasir “eksperimentlər” haqqında nə düşünürsünüz?
- Çoxları bizə deyir: müasir bir şey edin. Biz edirik. Ancaq göründüyü kimi, köhnəni qorumaqdansa, yeni bir şey etmək daha asandır. Çünki köhnə heç kimə lazım olmayan, məhv olmuş kimi görünür. Amma köhnə, – indi məhz kəlağayını nəzərdə tuturam, – nəsillərin süzülmüş təcrübəsidir və kəlağayı ustalarının Azərbaycanda qoruyub saxlaya bildiyi, birgə səylərimizlə bərpa etdiyimiz bu sənətin köhnə nümunələri sayəsində UNESCO-nun Reprezentativ Siyahısına daxil edilib!
(Kitabı açır və göstərir.) İndi baxın: bu, 2002-ci ildir, burada bizim məşhur batik ustalarımız var. Bu kitabda bir rəssamın rəhbərliyi altında kəlağayıdan yeni şəkildə necə istifadə oluna biləcəyini nümayiş etdirən qızları topladıq. O vaxt biz kəlağayıların UNESCO-nun siyahısına salına biləcəyini ağlımıza belə gətirmirdik, lakin gənclərimizə kəlağayının böyük istifadə potensialına malik olduğunu və müxtəlif üsullarla örtülə biləcəyini göstərməli idik.


- Yəni, əslində, kəlağayıların dəbini geri qaytardınız?
- Belə çıxır. Kəlağayının unudulmağa məhkum olduğu həmin illərdə yaranmış vəziyyətdə onu “təbliğ etmək” lazım idi. Onun faydalı və estetik, sehrli və müalicəvi xüsusiyyətləri haqqında danışmaq da vacibdir. Dostlarınızdan və tanışlarınızdan etnik suvenir kimi kəlağayı alıb sifariş etmələrini xahiş edin. Biz hətta rəssamlardan yeni həll yolları tapmalarını xahiş edərək, yeni qəliblər hazırlamağa başladıq. Çox maraqlı işlərimiz var. Bu gün çoxları düşünmədən bu həll yollarını təkrarlayaraq kəlağayı edirlər.
- Sizcə kəlağayıçılıq sənətini, onu örtmək ənənəsini qorumaq üçün nə etmək lazımdır?
- Kəlağayını əsas xassələrində, populyarlığında və əhəmiyyətində istifadəyə yararlılığına qaytarmaq lazımdır.
Əslində, biz kəlağayı layihəsində qarşıya qoyulan məqsədə nail olduq. Axı ideya təkcə ənənəvi kəlağayı baş örtüyünü bərpa etmək deyil, həm də onun mahiyyətini qoruyub saxlamaqla müasir gənclər arasında populyarlaşdırmaqdan ibarət idi. Kəlağayı üç hipostaza malikdir: utilitar, kompozisiya və estetik. Ancaq digər oxşar məhsullarda tapmadığım daha bir vacib xüsusiyyət var. Bu, vasitəçilik funksiyasıdır - insanlar arasında ən yüksək səviyyədə təşbehdə qarşılıqlı əlaqəni asanlaşdırmaq. Bu funksiya bu növ məhsullar üçün bəlkə də ən nadirdir, əvvəlki üç amildən daha böyükdür, lakin onlarsız mövcud ola bilməz. Arxetip olaraq, bütün bunlar bizim təhtəlşüurumuzun dərinliklərində - Azərbaycan etnik icmasının mənəvi mədəniyyətinin əsas dəyərlərində təsbit olunub və yaxın ünsiyyət, başqalarına hörmət, incə estetik hiss və varlığın mahiyyətini intuitiv şəkildə dərk etməyi nəzərdə tutur. Ustadların istedadı bunu hər biri özünəməxsus olan kəlağayılarda təcəssüm etdirir. Məhz bu baxımdan, bu mədəni dəyər, şübhəsiz ki, ümumbəşəri mədəniyyətə töhfədir.
Azərbaycan sənətkarlıq növləri ilə çox zəngindir, onlar maraqlı, bənzərsizdir! Amma hələ də ölkənin etnomədəni panoramını müəyyən edən sənətkarlığın inkişafı üçün vahid konsepsiya yoxdur. Müxtəlif sahələrdən olan mütəxəssisləri - rəssamları, sənətkarları və iş adamlarını əhatə edən işçi qrupu konseptual çərçivə yarada bilər. Milli dəyərləri təbliğ etmək, onlara ümumbəşəri məna vermək, sənətkarları dəstəkləmək, onların əməyinin cəmiyyətdə əhəmiyyətini artırmaq lazımdır.

Mədəniyyət 2025-02-10 18:21:00