Abşeron Milli Parkının yaradılmasının 20 ili tamam olur
Bakı, 8 fevral, Göyçək Mahmudlu, Orxan Kərimov, AZƏRTAC
Abşeron Milli Parkının yaradılmasına həsr olunan “20 ilin dəyəri” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ekoloqlar, zoologiya və coğrafiya sahəsi üzrə alim və mütəxəssislər, Abşeron Milli Parkının fəaliyyətinə töhfə vermiş tərəfdaş subyektlər iştirak ediblər.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Abşeron Milli Parkının paytaxtımızda vəhşi təbiətin qorunduğu yeganə ərazi olduğunu diqqətə çatdırıb.
O, həmçinin deyib: “Geriyə nəzər salanda görərik ki, 2003-cü ildən ölkəmizdə milli parkların yaradılmasına başlanılsa da, ekoloji şüurun formalaşması, milli park anlayışını qəbul etmək cəmiyyət üçün bir qədər çətin idi. Abşeron Milli Parkı yaradıldığı gündən çox böyük problemlərlə üzləşib. Bu illər ərzində aparılan işlər nəticəsində həmin problemlər geridə qalıb. Abşeron Milli Parkına və digər milli parklara turist axınını ardıcıl müqayisə etsək, artan dinamikaya şahid olarıq. Çünki cəmiyyətimiz artıq milli park anlayışını dərk edir və onlar haqqında məlumatlıdır”.
Çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Abşeron Milli Parkının nadir və endemik növlərin qorunmasında əhəmiyyətindən danışıb. Milli parkın endemizm baxımından çox maraqlı ərazi olduğunu qeyd edən nazir müavini burada elmi-tədqiqatlar aparılmasının vacibliyinə və gənc mütəxəssislərin, tələbələrin bu işdə fəal iştirakına diqqət çəkib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, Bakıya ən yaxın xüsusi mühafizə olunan təbiət ərazisi olan Abşeron Milli Parkının genişləndirilərək dəniz akvatoriyasını əhatə etməsi nəzərdə tutulub: “Abşeron Milli Parkı Azərbaycanın dəniz akvatoriyasını əhatə edən ilk milli park olacaq. Bu, milli parkın əhəmiyyətini daha da artıracaq”.
ETSN yanında İctimai Şuranın üzvü Rövşən Abbasov, ETSN yanında İctimai Şuranın üzvü, WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov, Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri Süleyman Süleymanov, Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov, QHT nümayəndəsi Məhsəti Hüseynova milli parkın bioloji müxtəlifliyinin əsas elementləri, yerləşdiyi ərazinin coğrafi xüsusiyyətləri barədə çıxışlar edib, Abşeron yarımadasında belə bir qorunan təbiət ərazisinin mövcudluğunun əhəmiyyətini vurğulayıblar.
Tədbir iştirakçıları təşkil olunmuş rəsm və instalyasiya nümunələrinin sərgisinə baxış keçirib, Abşeron Milli Parkının “20 ilin dəyəri” adlı stendinin təqdimatı ilə tanış olublar.
Sonda tələbələr arasında təşkil olunmuş viktorinanın qalibləri mükafatlandırılıb, Abşeron Milli Parkının fəaliyyətinə töhfə verən tərəfdaşlara xatirə diplomu təqdim edilib.
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
Laşa Darsaliya: Gürcü xalqı dost və qardaş Azərbaycan xalqı ilə daim birlikdədir
Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi Bakıda iftar süfrəsi təşkil edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib