×
A
A
A
Sazlamalar

Şolts: NATO-nun Qrenlandiyada mövcudluğu artırılmalıdır

Berlin, 8 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın adaya iddiaları nəzərə alınaraq, NATO-nun Qrenlandiyada mövcudluğu artırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts bildirib.
Şolts qeyd edib ki, sərhədlərin toxunulmazlığı prinsipi hər kəsə şamil edilməlidir: “İqlim dəyişikliyi Arktika bölgəsini dəyişir, Çin və Rusiyanın böyük maraq göstərdiyi yeni gəmi yolları açır. Ona görə də bizim NATO çərçivəsində bir-birimizlə müzakirə etməyimiz lazım olan qanuni təhlükəsizlik məsələləri var. Fikrimcə, biz NATO-nun Qrenlandiyada mövcudluğunu artırmalıyıq", - deyə Kansler vurğulayıb.
Bununla yanaşı, Şolts əlavə edib ki, Vaşinqtonla yaxşı münasibətləri saxlamaq üçün bundan sonra da əlindən gələni edəcək. “Hətta işlər daha da çətinləşsə belə”, - deyə o, sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, Tramp yanvarın 7-də Qrenlandiyanın ABŞ-ın bir ştatına çevrilməli olduğunu bildirib. Danimarka adadan imtina etməsə, onu yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2025-02-08 08:27:00