BDU ilə BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 7 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Vyanada BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin (United Nations Office for Outer Space Affairs - UNOOSA) direktoru xanım Aarti Holla-Maini ilə görüşüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə UNOOSA ilə əməkdaşlıq perspektivləri, eləcə də elmi-tədqiqat, kadr hazırlığı və beynəlxalq şəbəkə çərçivəsində cihaz və avadanlıqların quraşdırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Rektor Elçin Babayev BDU-nun astrofizika və kosmos elmləri sahəsində həyata keçirdiyi tədqiqatlar barədə danışıb, universitetin beynəlxalq proqramlarda iştirakının genişləndirilməsinə xüsusi önəm verildiyini bildirib. O, UNOOSA-nın BDU ilə əməkdaşlığının ölkədə kosmos elmləri sahəsində kadr hazırlığına və müvafiq sahə üzrə elmin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
UNOOSA-nın direktoru xanım Aarti Holla-Maini isə BDU-nun kosmos elmləri sahəsində uğurlu fəaliyyətinə UNOOSA-nın dəstək göstərməyə hazır olduğunu bildirib. O, xüsusilə gənc tədqiqatçıların və tələbələrin kosmos tədqiqatlarına cəlb olunmasının vacibliyini qeyd edib.