×
A
A
A
Sazlamalar

MEK “Konstitusiya və Suverenlik İli” adlı virtual sərgini təqdim edir

Bakı, 7 fevral, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Konstitusiya və Suverenlik İli” adlı virtual sərgi hazırlanıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə müstəqil Azərbaycan dövlətinin qurucusu, fenomenal siyasətçi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri kimi Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasındakı tarixi rolu, gərgin əməyi, zəhməti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması haqqında dəyərli fikirləri, fotolar və digər tarixi sənəd və məlumatlar öz əksini tapıb.
Həmçinin “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Heydər Əliyev və Qafqazda sülh prosesi”, “Qanunun aliliyi dövlətin möhkəmliyidir”, “Azərbaycan Respublikasında parlamentarizm ənənələri və müasirlik”, “AR Cinayət-Prosessual Məcəlləsi”, “Azərbaycanca-rusca-ingiliscə hüquq lüğəti”, “Müasir dövrdə hüquqi şüurun formalaşması:sosial-psixoloji təhlil”, “Hüquqi dövlət və konstitusiya”, “Əmək hüququ”, “Azərbaycan və hüquqi islahatlar”, “Azərbaycan Respublikası Konstitusiyası və hüququnun əsasları”, “Konstitusiya hüququ” və digər nəşrlər yer alıb.
Sərgidə Konstitusiya hüququ, dövlət və hüquq tarixi, nəzəriyyəsi, hüquqi problemlərin təhlil və tədqiqi, Konstitusiyanın hüquqi institut kimi öyrənilməsi, cəmiyyətdə hüquqi şüurun formalaşması, hüquqi dövlət anlayışının genezisi, inkişaf tarixi əks olunduğu Azərbaycan, rus və başqa dillərdə 100-dən çox dərslik, dərs vəsaiti, biblioqrafik göstərici, konfrans materialları, bədii və elmi əsərlər, monoqrafiyalar təqdim olunub. Həmçinin sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində AMEA-nın qarşısında duran vəzifələr haqqında AMEA-nın Rəyasət Heyətinin iclasında söylədiyi nitqi, Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun “Konstitusiya və Suverenlik İli” MEK qarşısında da böyük vəzifələr qoyur” adlı məqaləsi də oxucuların istifadəsinə verilib.
MEK-də ənənəvi formada da təşkil olunan sərgi ilboyu mütəmadi yenilənərək davam edəcək.

Elm və təhsil 2025-02-07 18:19:00