Gənc istedad Zərrin Şükürün solo konserti və kitabının təqdimatı keçirilib
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli tam orta musiqi məktəbində 9-cu sinif şagirdi Zərrin Şükürün solo konsert proqramı olub. Konsertlə yanaşı, gənc istedadın “Zəfər yolu” kitabının da təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, solo konsertdə “Qara torpaq”, “Vals-Kapris”, “Klonun səhər mahnısı”, “Elegiya” kimi əsərlər səsləndirilib.
Zərrin Şükür AZƏRTAC-ın müxbiri ilə söhbətində konsertə hazırlıq prosesindən danışaraq bildirib ki, konsert dörd aya ərsəyə gəlib. Proqramda Avropa, türk və rus bəstəkarlarının əsərləri nümayiş olunub. Əsərlərin hər biri genişhəcmlidir və onların ən qısası 6 dəqiqəlikdir.
“Zəfər yolu” kitabı barədə də məlumat verən müəllif bildirib ki, kitabda 44 günlük Vətən müharibəsinə həsr olunmuş bir hekayə və onun bəstələdiyi musiqi əsəri yer alıb. Hekayənin müharibədə qəhrəmanlıq göstərən igid əsgərin həyatından bəhs etdiyini diqqətə çatdıran Zərrin Şükür deyib: “Bu hekayəni iki il öncə məktəbdə Zəfər Günü ilə bağlı verilən tapşırığa əsasən qələmə almışam. Hekayəm böyük maraqla qarşılandığına görə, onun əsasında musiqi bəstələmək qərarına gəldim. Bu, mənim sayca üçüncü kitabımdır. Daha əvvəl “Qaranquş” və “Şərq nağılları” adlı kitablarım da nəşr olunub. Mən Vətənimə dərindən bağlıyam. Buna görə də yaradıcılığımla ölkəmə öz töhfəmi vermək istəyirəm”.
Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub
Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür
Gürcüstanın dövlət və hökumət başçıları Marneulidə Novruz şənliyində iştirak ediblər