Nobel mükafatı laureatı Əziz Sancara “Türk Dünyasının Mədəniyyət Səfiri” medalı təqdim edilib
Ankara, 22 yanvar, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev ABŞ-a səfəri çərçivəsində görkəmli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancara “Türk Dünyasının Mədəniyyət Səfiri” medalını təqdim edib.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi Şimali Karolinada Əziz və Qven Sancar Fondunun nəzdində fəaliyyət göstərən Sancar adına Mədəniyyət Mərkəzində reallaşıb.
S.Raev xatırladıb ki, dünya şöhrətli alimin mükafatlandırılması ilə bağlı qərar TÜRKSOY Daimi Komitəsinin üzvü olan nazirlər tərəfindən strukturun Şuşada keçirilən 40-cı iclasında yekdilliklə qəbul edilib.
“Əziz Sancar sadəcə alim deyil, həm də türk dünyasının elmi dühasını əks etdirən dəyərli bir şəxsiyyətdir. Nobel mükafatı laureatı bütün bəşəriyyətin inkişafına töhfə verib. Sizin təvazökarlığınız və zəhmətsevərliyiniz hər bir insan üçün örnəkdir”, - deyə o vurğulayıb.
Əziz Sancar isə “Türk Dünyasının Mədəniyyət Səfiri” adını həyatında ən dəyərli – “Nobel mükafatından daha dəyərli” adlandırıb. “Türk Dünyasının Mədəniyyət Səfiri” adı mənim xəyalım idi”, - deyə o bildirib.
Alim türk dövlətlərinin səylərinin birləşdirilməsinin vacibliyini qeyd edərək, Türk dünyasında yaxınlaşmanın dövlət liderləri və TÜRKSOY kimi təşkilat rəhbərlərinin töhfələrinin nəticəsi olduğunu vurğulayıb.
Mərasim çərçivəsində TÜRKSOY-un Baş katibi professor Əziz Sancara Türk dünyası mədəniyyətinin birliyini və zənginliyini əks etdirən əşyaları, o cümlədən Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbənin rəmzi olan Xarıbülbül nişanını təqdim edib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı AZƏRTAC-ın müxbiri ilə söhbətdə Nobel mükafatı laureatının mükafatlandırılmasını “TÜRKSOY və bütün Türk dünyasının qürur mənbəyi” adlandırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
FHN-in Şimal Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi təşkil edib
Sumqayıtda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Paytaxt küçələri yenidən yuyulub
DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Hər foto bir dövrün izini qoyur - Ümumdünya Fotoqraflar Günündə peşəkar fotoqrafla SÖHBƏT