“Neftçi”nin futbolçusu: Mən peşəkaram, müqaviləmin son gününə qədər meydanda canımı qoyacağam - MÜSAHİBƏ
Bakı, 22 yanvar, AZƏRTAC
"Neftçi"nin braziliyalı futbolçusu Yuri Matias AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Qış toplanışını necə dəyərləndirirsiniz?
- Məşqlər çox yaxşı və intensiv keçdi. Ümid edirəm ki, mövsümün ikinci yarısında daha yaxşı çıxış edəcəyik.
- Təlim-məşq toplanışının ölkə daxilində keçirilməsinin komanda üçün hansı müsbət və mənfi cəhətləri oldu?
- Fikrimcə, hazırlığı ölkə daxilində keçirmək önəmli idi. Ən əsası, birlikdə olmaq, səviyyəmizi yüksəltməyə və daha yaxşı çıxış etməyə çalışmaqdır.
- Fasilədən sonra ilk oyununuzu “Sabah”a qarşı keçirdiniz. Həmin görüşdə qələbəyə nə mane oldu?
- "Sabah"la oyun yaxşı və maraqlı oldu. Daha çox qol vurmaq üçün şanslarımız var idi, təəssüf ki, bunu bacarmadıq.
- “Sabah”la oyunun birinci hissəsində mübahisəli penalti epizodu oldu. Həmin epizod sosial şəbəkələrdə də müzakirə edildi. Sizcə, orada penalti var idi?
- Fikrimcə, orada penalti yox idi. Çünki futbol qarşılıqlı təmasın çox olduğu idman növüdür.
- Sizcə, qış fasiləsi komandaya gələcək oyunlarda necə kömək edəcək?
- Məşqçimiz səviyyəmizi yüksəltmək üçün əlindən gələni edir. Komandaya inanıram və ümid edirəm ki, gələcəkdə yenidən uğurlu nəticələr qazanacağıq.
- "Neftçi"nin bu mövsüm gözlənilən səviyyədə çıxış etməməsinin səbəbini nədə görürsünüz?
- Oyunçular, məşqçilər və digər məsələlər barədə fikir bildirmək mənə düşməz. Bu sual mənə aid deyil.
- Baş məşqçi Samir Abasovun gəlişindən sonra nə dəyişdi?
- Samir Abasov oyunumuzu yaxşılaşdırmaq üçün əlindən gələni etməyə çalışır. Onun yaxşı futbol mentaliteti var. "Neftçi"nin nə qədər böyük klub olduğunu yaxşı bilir.
- Cari mövsüm üçün əsas hədəfiniz nə olacaq?
- Hazırda əsas hədəfimiz daha yaxşı oynamağa başlamaq və qalib gəlməkdir. Kuboku qazansaq, avrokuboklara vəsiqə əldə edəcəyik.
- Bəs, öz çıxışınız haqqında nə deyə bilərsiniz?
- Düşünürəm ki, öz oyunumla bağlı nəsə deməyə ehtiyac yoxdur. Çünki insanlara söz yığını lazım deyil. Onlar qələbələrimizi və "Neftçi"nin yaxşı oynadığını görmək istəyirlər.
- “Neftçi” ilə müqaviləniz mövsümün sonunda başa çatacaq. Sizə yeni müqavilə təklif olunub?
- Xeyr, heç bir danışıq olmayıb. Mən peşəkaram və xarakterim var. Müqaviləmin son gününə qədər meydanda canımı qoyacağam.
Riçard Almeyda Braziliya klubuna keçib
Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir
Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar
Balkan çempionatından iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib
"Bavariya" aparıcı futbolçusu ilə müqavilənin müddətini uzadıb